Azərbaycan və Türkmənistan tarix boyu bir-birinə bağlı olmuş, dostluq və qardaşlıq münasibətləri ilə seçilmişdir. Müstəqillik illərində bu əlaqələr dövlətlərarası tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri bu prosesin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Səfərin siyasi əhəmiyyəti xüsusilə diqqətəlayiqdir. Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi dialoqu daha da aktuallaşdırdı. Bu gün Azərbaycan və Türkmənistan yalnız ikitərəfli əlaqələri deyil, həm də bütöv regionun gələcəyini müəyyənləşdirən qərarların qəbulunda iştirak edir.
Səfər çərçivəsində imzalanan sənədlər həm mədəni, həm də iqtisadi baxımdan mühüm məna daşıyır. Füzuli ilə Arxadağ şəhərlərinin qardaşlaşması barədə protokol xalqların əsrlərdən gələn yaxınlığının müasir təzahürüdür. Füzulidə məscid inşası barədə razılaşma isə dini-mənəvi dəyərlərin dövlətlərarası münasibətlərdə mühüm rol oynadığını bir daha sübut edir.
Üçtərəfli əməkdaşlıq formatında imzalanmış nəqliyyat-logistika memorandumu region üçün strateji əhəmiyyət daşıyır. Bu sənəd Avropa ilə Asiya arasında yeni marşrutların inkişafına təkan verəcək, həmçinin iqtisadi əməkdaşlığı gücləndirəcək. Bakı və Türkmənbaşı limanlarının birləşdirilməsi isə Xəzəri beynəlxalq ticarətin əsas qovşaqlarından birinə çevirəcək.
Bütün bu proseslər göstərir ki, avqust görüşü sadəcə bir diplomatik səfər deyil, regionun siyasi və iqtisadi gələcəyini müəyyənləşdirən mühüm hadisədir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın