Azərbaycan və Türkmənistanı birləşdirən qardaşlıq münasibətləri tarixdən gələn dəyərlərə söykənir. İllərdir davam edən bu dostluq, müstəqillik dövründə dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində daha da güclənib. Avqustun 22-də Prezident İlham Əliyevin Türkmənistana səfəri isə münasibətlərdə yeni səhifənin açıldığını göstərdi. Bu səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr ölkələr arasında əməkdaşlığın perspektivlərini daha da genişləndirdi.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar təkcə Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı əhatə edir. Bu gün hər iki region nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq baxımından bir mərkəzə çevrilir. Azərbaycan və Türkmənistan bu prosesin aparıcı gücləri sırasındadır.
Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması barədə imzalanmış protokol xalqlarımızın yaxınlığının rəmzidir. Türkmənistanın Füzulidə məscid inşa etməsi barədə razılaşma isə həm dini, həm də mənəvi dəyərlərimiz əsasında qurulmuş əlaqələrin daha da möhkəmlənəcəyindən xəbər verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, xalqlarımız əsrlərdir eyni mədəni və mənəvi köklərə bağlıdır.
Səfər çərçivəsində imzalanan sənədlər təkcə ikitərəfli münasibətlərə deyil, həm də bölgə əməkdaşlığına ciddi töhfə verdi. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika sahəsində razılaşdırılan addımlar region üçün strateji əhəmiyyət daşıyır. Bakı və Türkmənbaşı limanlarının imkanlarının birləşdirilməsi, dəmir yollarının inteqrasiyası və bərə daşımalarının inkişafı “Böyük İpək Yolu”nun dirçəlişinə xidmət edir.
Türkmənistan Prezidentinin İlham Əliyevə “Axaltəkə” atı hədiyyə etməsi isə qardaşlıq və etimadın bariz təzahürüdür. Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan və Türkmənistan münasibətləri yalnız dövlətlərarası əməkdaşlıq deyil, həm də xalqlarımızın dostluq bağlarının canlı nümunəsidir.
Anar Əlizadə
YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın