Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu region inkişaf edir, istehsal etdiyi məhsulların həcmi artır və ixrac imkanlarının genişləndirilməsi üçün etibarlı marşrutlara ehtiyac var. Azərbaycan isə vaxtında gördüyü tədbirlərlə bu ehtiyaca cavab verən əsas ölkəyə çevrilib.
Ələt Dəniz Ticarət Limanının tikilməsi, Xəzərdə böyük donanmanın yaradılması, müasir dəmir yolları və hava limanlarının istifadəyə verilməsi Azərbaycanın tranzit gücünü dəfələrlə artırıb. Bu, ölkəmizi Şərqlə Qərb arasında etibarlı tərəfdaş, Mərkəzi Asiya ölkələri üçün isə qlobal bazarlara çıxış qapısı edib.
Əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlər mühüm rol oynayır. Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə etdiyi səfərlər, eləcə də həmin dövlətlərin rəhbərlərinin Bakıya səfərləri hər dəfə əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına xidmət edir. İmzalanan sənədlər isə gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirir.
Türkmənistana edilən son səfər də bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Görüşlərdə nəqliyyat imkanlarının birləşdirilməsi, Şərq-Qərb dəhlizinin daha səmərəli istifadəsi və regionun tranzit rolunun gücləndirilməsi müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Türkmənistan bu istiqamətdə birgə səylər göstərərək böyük coğrafiyaya fayda gətirəcək.
Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də Avrasiya məkanının iqtisadi və siyasi inteqrasiyasına xidmət edən strateji xəttdir.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın