Kəlbəcər rayonunun işğaldan azad olunması Azərbaycanın müasir tarixində xüsusi mərhələdir. 1993-cü ildə rayonun itirilməsi ölkəmiz üçün böyük faciə olmuşdu. Lakin xalqın sarsılmaz iradəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində 25 noyabr 2020-ci ildə Kəlbəcər geri qaytarıldı. Bu, Azərbaycanın hərbi gücünün və diplomatik qələbəsinin ən bariz nümunələrindən biridir.
21 avqust 2025-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi hadisə kimi yadda qaldı. Dövlət başçısının kəlbəcərlilərə ünvanladığı sözlər illərlə həsrət çəkən insanların gözündə yaş, qəlbində sevinc yaratdı. Bu, təkcə bir görüş deyil, həm də milli həmrəyliyin təntənəsi idi.
Prezident İlham Əliyev çıxışında 1993-cü ildə Kəlbəcərin işğalını “Azərbaycanın ən böyük faciələrindən biri” adlandırdı. Strateji mövqeyə və zəngin təbii sərvətlərə malik rayonun düşmənə verilməsi Qarabağın digər hissələrinin də itirilməsinə yol açmışdı. Bu acı tarix hər bir azərbaycanlının yaddaşında dərs kimi qalıb.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük iradə və qəhrəmanlıq göstərdi. Əsgər və zabitlərimizin fədakarlığı, xalqın dövlətə dəstəyi və Prezident İlham Əliyevin sərkərdəliyi nəticəsində Ermənistan məğlub edildi. Kapitulyasiya aktı imzalanaraq Azərbaycan əraziləri qaytarıldı.
Cənab Prezident 19–20 sentyabr 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirlərinin əhəmiyyətini də qeyd etdi. Bu əməliyyatla separatçı silahlı dəstələr tərksilah edildi və Azərbaycanın tam suverenliyi təmin olundu. Bu hadisə dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynadı.
Hazırda Kəlbəcərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı real nəticələrini göstərir. Yaşayış komplekslərinin tikintisi, məktəblərin istifadəyə verilməsi, yolların çəkilməsi və infrastrukturun bərpası qayıdış prosesini sürətləndirir. Prezident İlham Əliyevin dediyi kimi, Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın