Azərbaycan xalqı üçün Kəlbəcərin azadlığı həm hərbi, həm də mənəvi baxımdan tarixi qələbədir. 1993-cü ilin aprelində rayonun itirilməsi ölkəmizin müdafiə sistemini zəiflətmişdi. Lakin güclü dövlət quruculuğu və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 25 noyabr 2020-ci ildə Kəlbəcər Azərbaycana qaytarıldı.
21 avqust 2025-ci ildə Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bu torpaqların həyatına yeni nəfəs gətirdi. Onun “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri uzun illərdən sonra yurduna dönən insanlar üçün əsl qürur anı oldu. Bu səfər dövlət-xalq birliyinin gücünü bir daha nümayiş etdirdi.Prezident çıxışında Kəlbəcərin işğalını Azərbaycan tarixinin ən acı səhifələrindən biri kimi qiymətləndirdi. Strateji əhəmiyyətli bölgənin itirilməsi Ermənistanın işğal planlarının genişlənməsinə şərait yaratmışdı. Bu fakt dövlətçilik tariximizdə məsuliyyətsizliyin ağır nəticəsi kimi xatırlanır.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri oldu. Ordumuz hər gün irəliləyərək torpaqları azad etdi, düşmən isə müqavimət göstərə bilmədi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ordusu bir qarış da geri çəkilmədi və bu, böyük qələbəyə yol açdı.19–20 sentyabr 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyini tam şəkildə təmin etdi. Prezident bəyan etdi ki, bu günlər 8 noyabr qədər əhəmiyyətlidir və dövlətimizin gücünü bütün dünyaya göstərdi.
Hazırda Kəlbəcərdə geniş tikinti-quruculuq işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində dörd böyük yaşayış kompleksi tikilir, yeni məktəblər açılır, infrastruktur yenilənir. İlham Əliyevin də dediyi kimi, Kəlbəcər yaxın illərdə dünyanın ən müasir və gözəl şəhərlərindən biri olacaq.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın