Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcərə həyat qayıdır. Uzun illər işğal altında qalan bu gözəl diyar 2020-ci il noyabrın 25-də bir güllə atmadan Azərbaycan ordusunun nəzarətinə qayıtdı. Bu fakt, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin nəticəsi olaraq, xalqımız üçün böyük qürur mənbəyinə çevrildi.
Hazırda “Böyük Qayıdış” Proqramı əsasında Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin son səfəri zamanı burada sakinlərə yeni mənzillərin açarlarının təqdim edilməsi bu uğurların bariz nümunəsidir. Rayonun yeni siması, qurulan müasir infrastruktur soydaşlarımızın doğma yurdlarına rahat şəkildə qayıtmasına imkan yaradır.
Dövlət başçısı çıxışı zamanı bir sıra tarixi məqamlara diqqət çəkdi. O bildirdi ki, işğal dövründə Ermənistan torpaqları qaytarmaq niyyətində deyildi və ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışırdılar. Azərbaycan isə bu ədalətsiz yanaşmanı öz gücü ilə darmadağın etdi.
Kəlbəcərin mürəkkəb dağlıq ərazisi nəzərə alınanda onun döyüşsüz qaytarılması Azərbaycanın diplomatik və hərbi qələbəsinin nə qədər böyük olduğunu bir daha göstərir. Bu, həm də regionda separatizmin kökünün kəsildiyini və ədalətin bərpa olunduğunu təsdiqləyir.
Prezident İlham Əliyev çıxışı zamanı həmçinin Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh müqaviləsinin paraflandığını, bunun isə ölkəmizin maraqlarına tam cavab verdiyini vurğuladı. Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək öhdəlik götürüb. Bu, regionda sabitliyin möhkəmlənməsi üçün yeni mərhələdir.
Bununla yanaşı, dövlət başçısı tarixi yaddaşın qorunmasının vacibliyini xüsusi qeyd etdi. O bildirdi ki, ermənilərin törətdiyi soyqırımlar, etnik təmizləmə və işğal siyasəti xalqımız tərəfindən heç vaxt unudulmamalıdır. Ali Baş Komandan həm də xəbərdarlıq etdi: əgər kimlərsə Azərbaycana qarşı yenidən təxribat törətmək istəsələr, bunun nəticəsi onlar üçün ağır olacaq.
Rəşad Rəsulov
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın