2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində qürurla xatırlanan ən böyük hadisələrdən biridir. Bu müharibənin nəticəsi olaraq, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və uzun illər işğal altında olan torpaqlar geri qaytarıldı. Həmin qələbənin ən mühüm nəticələrindən biri də Kəlbəcərin azadlığı idi. 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edilərək Azərbaycanın suveren nəzarətinə qayıtdı. Bu, dövlətimizin hərbi gücünün, diplomatik çevikliyinin və xalq-ordu-iqtidar birliyinin parlaq təzahürü idi.
21 avqust 2025-ci ildə Prezident İlham Əliyev Kəlbəcər şəhərinə səfər etdi. Dövlət başçısı burada kəlbəcərlilərlə görüşərək, çıxışına “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə başladı. Bu ifadə sadəcə bir salam deyil, 32 ildən sonra doğma yurda dönüşün simvolu idi. Uzun illər yurd həsrəti çəkən insanlar üçün bu sözlər böyük mənəvi təsəlli və qürur mənbəyi oldu.
Prezident İlham Əliyev çıxışında Kəlbəcərin 1993-cü ilin aprelində işğalını Azərbaycan tarixinin ən ağır faciələrindən biri kimi qiymətləndirdi. O dövrdə hakimiyyətdə olan məsuliyyətsiz qüvvələrin xəyanəti nəticəsində Kəlbəcər kimi strateji bölgə düşmənə verilmişdi. Bununla da Azərbaycanın müdafiə sistemi sarsılmış, digər rayonların işğalına yol açılmışdı. Bu hadisə həm hərbi uğursuzluq, həm də siyasi iradəsizliyin acı nəticəsi idi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müstəsna qəhrəmanlıq göstərdi. Əsgər və zabitlərimiz hər gün irəliləyərək strateji yüksəklikləri azad edirdi. Ermənistan ordusunda isə əksinə, fərarilik və ruh düşkünlüyü hökm sürürdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Ordusu bir qarış belə geri çəkilmədi. Məhz bu möhtəşəm zəfər nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Cənab Prezident çıxışında 19–20 sentyabr 2023-cü ildə keçirilən lokal antiterror tədbirlərinə də toxundu. Bu əməliyyat nəticəsində separatçı qurumun bütün hərbi-siyasi strukturları ləğv edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. İlham Əliyev bildirdi ki, 19–20 sentyabr tarixləri xalqımız üçün 8 noyabr qədər şərəfli günlərdir. Bu hadisə Azərbaycanın dövlətçiliyinin gücünü və milli təhlükəsizlik strategiyasının uğurunu təsdiqlədi.
Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində dörd yaşayış kompleksi inşa edilir və 10 mindən çox insanın bu binalarda məskunlaşması planlaşdırılır. Şəhərdə yeni məktəb tikilir, modul tipli təhsil müəssisəsi fəaliyyət göstərir, yollar çəkilib, işıq, qaz, su xətləri bərpa olunub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və bu, Azərbaycanın qalib xalq kimi seçdiyi sülh və inkişaf yolunun bariz nümunəsidir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın