2022-ci il avqustun 26-da Azərbaycan xalqı üçün əlamətdar bir gün yaşandı – Laçın şəhəri nəzarətə götürüldü. Prezident İlham Əliyev bu xəbəri xalqa çatdıraraq, üç illik həsrətə son qoydu. Bu gündən etibarən hər il 26 avqust ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
Laçın rayonu 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdı. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 125 kənd boşaldıldı. Rayon əhalisi etnik təmizləmə siyasətinə məruz qaldı, 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. Onlarla təhsil, səhiyyə, mədəniyyət müəssisəsi dağıdıldı, yüzlərlə tarixi abidə vandalizmə məruz qaldı.
Ermənistan işğal illərində beynəlxalq konvensiyaları pozaraq Laçında qeyri-qanuni məskunlaşdırma həyata keçirdi. Rayonun təbii sərvətləri talandı, coğrafi adlar dəyişdirildi. Bu əməllər beynəlxalq hüquqla qadağan edilmiş hərbi cinayətlərdir və uzun illər dünya ictimaiyyəti tərəfindən görməzdən gəlinmişdir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində Laçın da azadlıq yoluna çıxdı. 2020-ci il noyabrın 9-da Güləbird, Səfiyan və Türklər kəndləri azad edildi, dekabrın 1-də isə Laçın rayonu Ermənistan qoşunları tərəfindən boşaldıldı. 2022-ci ilin avqustunda isə şəhərin özü və Zabux, Sus kəndləri Azərbaycanın tam nəzarətinə qayıtdı.
Bu qələbə təkcə hərbi yox, həm də diplomatik uğur idi. Azərbaycan öz suverenliyini bərpa etməklə yanaşı, müstəqil siyasət yürüdərək dünyaya haqq yolunda olduğunu göstərdi. Laçının azad edilməsi müasir tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qaldı.
Hazırda Laçında Böyük Qayıdış proqramı icra olunur. İlk ailələr doğma yurdlarına köçürülüb, kənd təsərrüfatı, heyvandarlıq, arıçılıq kimi sahələr bərpa olunur. Yeni iş yerləri açılır, sosial infrastruktur qurulur. Əminliklə demək olar ki, yaxın illərdə Laçın əvvəlki gözəlliyinə qovuşacaq və Azərbaycan xalqının əbədi yurdu kimi inkişafını davam etdirəcək.
Qönçə İsmayılova
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın