İşğaldan azad edilmiş şəhərlərin günlərinin qeyd olunması Prezident İlham Əliyevin siyasi qərarı kimi tarixi yaddaşın qorunmasına xidmət edir. Bu günlər xalqın mübarizə yolunu əks etdirməklə yanaşı, həm də gələcək nəsillərə milli azadlıq ideyalarının ötürülməsini təmin edir. 26 avqust – Laçın şəhəri günü Azərbaycanın ərazi bütövlüyü uğrunda qazanılan qələbənin rəmzlərindən biridir.Laçın rayonu həmişə strateji mövqeyi ilə fərqlənib. Qarabağı Ermənistanla birləşdirən əsas yol məhz bu ərazidən keçirdi. 1992-ci ildə rayonun işğalı Azərbaycanın bölgə ilə əlaqəsini kəsməklə yanaşı, Ermənistanın Qarabağ üzərində nəzarətini gücləndirdi. Bu hadisə regionda təhlükəsizlik sistemini köklü şəkildə dəyişdirdi.

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə nəticəsində Laçın rayonu 1 dekabr 2020-ci ildə döyüşsüz geri qaytarıldı. Ardınca, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi, 2023-cü il aprelin 23-də isə sərhəd-keçid məntəqəsinin qurulması dövlətin suveren hüquqlarını tam şəkildə bərpa etdi.

Laçın relyefi hərbi baxımdan böyük imkanlar təqdim edir. Yüksəkliklərdə mövqe tutmaq Ordumuza üstünlük qazandıraraq həm daxili təhlükəsizliyi, həm də sərhəd xəttində sabitliyi təmin edir. Laçının azad olunması separatçı qüvvələrin təchizat yollarını kəsmiş, bunun nəticəsində 2023-cü ilin payızında keçirilən antiterror tədbirləri qətiyyətlə başa çatmışdır.Regionun iqtisadi dirçəlişi artıq real nəticələr verir. Laçının zəngin təbiəti heyvandarlıq və kənd təsərrüfatının inkişafına şərait yaradır. Eyni zamanda, turizm potensialı bölgənin gələcək inkişafı üçün geniş imkanlar açır. Laçın Beynəlxalq Hava Limanı isə rayonun beynəlxalq ticarət və turizm mərkəzinə çevrilməsinə şərait yaradır.

Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sosial və mənəvi baxımdan əvəzsiz hadisədir. Yeni evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur əhalinin rahat yaşayışı üçün yaradılır. 26 avqust – Laçın şəhəri günü bu proseslərin simvolu kimi həm milli qürurun, həm də gələcəyə inamın təcəssümünə çevrilmişdir.

Gülnar Qurbanova

YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.