Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən şəhər günləri işğaldan azad edilmiş torpaqların tarixi, siyasi və strateji əhəmiyyətini bir daha yada salır. Bu günlər həm azadlıq uğrunda aparılan mübarizənin nəticələrini gələcək nəsillərə çatdırmaq, həm də xalqın milli birliyini möhkəmləndirmək məqsədi daşıyır. 26 avqust – Laçın şəhəri günü isə Azərbaycanın hərbi-siyasi iradəsinin parlaq göstəricisi kimi qeyd olunur.

Laçın rayonu uzun illər bölgənin təhlükəsizlik və kommunikasiya baxımından əsas mərkəzlərindən biri olmuşdur. 1992-ci ildə rayonun işğalı ilə Azərbaycan Qarabağla əlaqə imkanlarını itirmiş, Ermənistan isə strateji üstünlük əldə etmişdir. Bu hadisə regionda güc balansını dəyişdirmiş və təhlükəsizlik strukturunu zəiflətmişdir.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1 dekabr 2020-ci ildə Laçın rayonu döyüşsüz olaraq Azərbaycana qaytarıldı. 2022-ci ilin 26 avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində suverenlik tam bərpa edildi. Ardınca, 2023-cü il aprelin 23-də sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın dövlətçilik mövqeyinin möhkəmlənməsinə xidmət etdi.

Laçının relyefi hərbi baxımdan böyük üstünlüklər qazandırır. Buradakı yüksəkliklər həm Qarabağın daxilində, həm də Ermənistanla sərhəddə təhlükəsizliyin təmin olunmasına imkan verir. Laçının nəzarətə götürülməsi separatçı qüvvələrin təchizat yollarını bağladı və Azərbaycanın 2023-cü ilin payızında keçirdiyi antiterror tədbirlərində uğur qazanmasına şərait yaratdı.

Hazırda Laçında genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Yollar, elektrik və su xətləri, sosial obyektlər bərpa olunur. Rayonun kənd təsərrüfatı, xüsusən də heyvandarlıq və arıçılıq potensialı onun iqtisadi inkişafına təkan verir. Eyni zamanda, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi regionu həm ölkədaxili, həm də beynəlxalq səviyyədə mühüm ticarət və turizm mərkəzinə çevirir.

“Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailənin Laçına köçürülməsi sosial həyatın bərpasına təkan verir. Məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri istifadəyə verilir. 26 avqust – Laçın şəhəri günü artıq yalnız qələbənin deyil, həm də bu torpaqlarda yeni həyatın başlanğıcının simvoluna çevrilmişdir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.