Azərbaycan tarixində əlamətdar günlərdən biri də 26 avqustdur – Laçın şəhəri günü. Bu gün həm tarixi ədalətin bərpası, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin təntənəsidir. Laçın şəhərinin erməni işğalından azad olunması və yenidən dirçəldilməsi, onun sosial-iqtisadi və mədəni həyatında yeni bir dövrün başlanğıcını qoydu. Laçın, Qarabağ və Şərqi Zəngəzurun mühüm strateji qapısı hesab olunur. Uzun illər düşmən işğalında saxlanılan bu torpaqlar 2020-ci il Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi ilə azad edildi. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur.”

Bu sözlər Laçının gələcək inkişaf yolunun əsas hədəflərini müəyyənləşdirir. Bu gün burada həyata keçirilən layihələr göstərir ki, Azərbaycan dövləti Laçını təkcə azad etməklə kifayətlənmədi, həm də onu regionun ən müasir şəhərlərindən birinə çevirməkdən ibarətdir. Laçın rayonunda yol-nəqliyyat infrastrukturunun tam yenilənməsi, müasir standartlara cavab verən layihələrin icrası həm sakinlərin rahat yaşayışını, həm də turizmin inkişafını təmin edir. Laçın artıq Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilməkdədir.

Laçının bərpası konsepsiyası şəhərin turizm potensialını nəzərə alaraq həyata keçirilir. 2025-ci ilin sentyabrında istifadəyə veriləcək “Laçın” İstirahət Kompleksi bu işlərin bariz nümunəsidir.

Kompleksin ərazisi 11,2 hektar olmaqla, 42 min kvadratmetrdən artıq sahəni əhatə edir.

Burada 4 ulduzlu otel, 324 nəfərlik otaqlar, 500 nəfərlik tədbir zalı, 340 nəfərlik ziyafət zalı, 100 nəfərlik konfrans zalı və digər müasir imkanlar yaradılıb. İstirahət mərkəzində 174 nəfər işlə təmin olunub, onların böyük qismi məhz Laçın və ətraf rayonların sakinləridir. Bu, təkcə turizm baxımından deyil, həm də məşğulluğun təmin olunması, əhalinin rifahının yüksəldilməsi baxımından mühüm addımdır.

Laçın rayonunda yaradılmış “Hoçazfilm” studiyası isə Qarabağın mədəni həyatında yeni mərhələ açır. 2023-cü ilin avqustunda açılışı keçirilən studiya iki inzibati bina və çəkiliş pavilyonundan ibarətdir. Burada həm yerli, həm də xarici film istehsalçıları üçün geniş imkanlar yaradılıb.

Hoçaz qayalarının ətəyində yerləşən bu yaradıcı məkan Qarabağın zəngin təbiətini, işğaldan sonrakı inkişafını dünyaya təqdim etmək üçün mühüm platforma rolunu oynayır. Studiyanın fəaliyyəti Laçını təkcə turizm deyil, həm də kino və incəsənət mərkəzi kimi tanıdacaq. Bugünkü Laçın həm milli qürur mənbəyidir, həm də Azərbaycanın gələcək inkişaf vizyonunun bariz nümunəsidir. Burada həyata keçirilən hər bir layihə dövlətin gücünü, xalqın iradəsini və birliyini əks etdirir. Laçının iqtisadi inkişafı yeni iş yerlərinin açılmasına, əhalinin geri dönüşünə şərait yaradır.

Turizm və mədəniyyət sahəsindəki layihələr regionu beynəlxalq miqyasda tanıdacaq.

İnfrastrukturun müasirləşdirilməsi isə Laçını gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun paytaxtlarından biri statusuna yüksəldə bilər.

26 avqust – Laçın şəhəri günü yalnız bir tarixi qələbənin xatırlanması deyil, həm də Azərbaycanın dirçəliş və inkişaf yolunun rəmzidir. Bu gün biz azad edilmiş torpaqlarda quruculuq və abadlıq işlərinin necə sürətlə aparıldığını, müasir şəhərlərin necə inşa olunduğunu görürük. Laçın həm tariximizdə, həm bu günümüzdə, həm də gələcəyimizdə xüsusi yer tutmaqda davam edəcək.

Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.