Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalda qalması xalqımız üçün böyük faciə idi. Bu işğal zamanı yalnız insanların taleyi deyil, həm də bölgənin zəngin tarixi-mədəni irsi dağıdıldı. Erməni vandalizmi nəticəsində Laçında 217 mədəniyyət obyekti, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə ticarət və rabitə ocağı, eləcə də 250-dən çox tarixi abidə məhv edildi. Bu faktlar Ermənistanın işğalçı siyasətinin miqyasını aydın göstərir.
Azərbaycan ordusunun qəhrəmanlıqla apardığı 44 günlük müharibə və 2020-ci il 10 noyabr bəyanatı nəticəsində Laçın rayonunun 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılması, daha sonra isə 26 avqust 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndlərinin tam azad edilməsi tarixi ədalətin bərpası oldu. Bu qələbə Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Müharibədən dərhal sonra Laçında genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Yeni elektrik stansiyaları istifadəyə verildi, müasir yol infrastrukturu, körpülər və tunellər inşa edilməyə başlandı. Xüsusilə Laçın Beynəlxalq Hava Limanının tikintisi bölgənin iqtisadi və turizm potensialını daha da gücləndirəcək. Bu hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Qısa müddət ərzində Laçında 700-dən çox yeni bina inşa olunub. Zabux kənd tam orta məktəbi əsaslı şəkildə bərpa edilir, sənaye zonasında mebel fabriki yaradılır. Burada yüzlərlə insan işlə təmin olunacaq. Həmçinin Aqro və Sənaye Parkında 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, bu da rayonun iqtisadi inkişafını təmin edəcək əsas amillərdən biridir.
Əhalinin sosial rifahı da dövlətin diqqət mərkəzindədir. 2023-cü il 28 may tarixində – Müstəqillik Günündə – Laçına Böyük Qayıdış proqramı çərçivəsində ilk köç karvanı yola salındı. Az müddətdə 534 ailə (1971 nəfər) Laçın şəhərinə, 217 ailə (823 nəfər) isə Zabux kəndinə qayıdaraq daimi məskunlaşdı. Yeni evlər, məktəblər və sosial obyektlər onların rahat yaşayışı üçün inşa edilib.
Prezident İlham Əliyevin dəfələrlə Laçına səfər etməsi, təməlqoyma və açılış mərasimlərində iştirakı bu bölgənin dövlətimiz üçün əhəmiyyətini bir daha təsdiqləyir. 31 iyul 2023-cü il tarixli Sərəncama əsasən 26 avqust “Laçın şəhəri günü” elan olunub. Bu tarix hər il xüsusi tədbirlərlə qeyd olunur və Laçının azadlıq simvoluna çevrilir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın