1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkədə siyasi böhran, idarəetmədə xaos və sabitliyin pozulması müşahidə olunurdu. Bu vəziyyət Ermənistanın işğalına əlverişli zəmin yaratmışdı. Strateji mövqeyə malik Laçın rayonu da həmin dövrdə böyük təhlükə ilə üz-üzə idi. 1992-ci il 17 may tarixində Laçının işğalı ilə Ermənistan və Qarabağdakı separatçılar arasında birbaşa quru əlaqəsi quruldu və sonrakı işğalların yolu açıldı.

Laçın rayonu 1930-cu il avqustun 8-də inzibati vahid kimi yaradılıb. Mərkəzi Laçın şəhəri olmaqla, 1 şəhər, 1 qəsəbə və 125 kəndi əhatə edən rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir. Əsrarəngiz təbiətə malik bölgə 72 min hektar yaylaq və 34 min hektar meşə ilə zəngindir. İşğal dövründə Laçında 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb, yüzlərlə mədəniyyət, təhsil və səhiyyə ocaqları, eləcə də tarixi abidələr məhv edilib.

Erməni işğalı yalnız torpaqların zəbt olunması ilə bitməyib. Beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq coğrafi adlar dəyişdirilib, təbii sərvətlər talan edilib, qeyri-region ölkələrindən erməni əsilli köçkünlər gətirilərək məqsədyönlü məskunlaşdırma siyasəti aparılıb. Bu isə Ermənistanın uzunmüddətli işğal planlarının tərkib hissəsi idi.

30 ilə yaxın davam edən bu haqsız işğala 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə son qoydu. 2020-ci il 1 dekabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonu Azərbaycana təhvil verildi. Daha sonra, 2022-ci il 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri də tam nəzarətə götürüldü. Azərbaycan ordusunun igid əsgər və zabitləri düşməni ərazidən birdəfəlik çıxarmağa nail oldu.

Laçının azad olunması uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə 8418 hərbi qulluqçu Prezident İlham Əliyevin sərəncamları ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Bu, Azərbaycan əsgərinin şücaətinin, Ali Baş Komandanın isə sarsılmaz iradəsinin təcəssümüdür.

Bu gün Laçın işğaldan azad olunmuş ərazilər arasında sürətli inkişaf dövrünü yaşayır. Yeni yollar, körpülər, tunellər inşa edilir, binalar tikilir, məktəblər bərpa olunur. Laçın Beynəlxalq Hava Limanının tikintisi isə bölgənin həm strateji əhəmiyyətini, həm də turizm potensialını daha da artıracaq.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.