Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç il keçir. 2022-ci il avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza Laçının nəzarətə götürülməsi ilə bağlı müjdə verdi. Həmin gündən etibarən hər il 26 avqust ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin qələbə simvoluna çevrilib.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın rayonu böyük dağıntılara məruz qalmışdı. 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət olan rayonun əhalisi doğma yurdlarından qovulmuş, 300-dən çox hərbi və mülki şəxs həlak olmuş və ya itkin düşmüşdü. İşğal dövründə 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə idarə və müəssisə dağıdılmışdı. 54 dünya və 200-dən artıq yerli əhəmiyyətli tarixi abidə isə erməni vandalizminin qurbanı olmuşdu.

Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq, Laçında coğrafi adları dəyişdirmiş, təbii sərvətləri talamış və qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmişdi. Bu addımlar beynəlxalq sənədlərdə hərbi cinayət kimi tanınır. Təəssüf ki, bu illər ərzində dünya ictimaiyyəti bu cinayətlərə göz yumdu.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfər nəticəsində 30 illik işğala son qoyuldu. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu boşaldıldı. Bundan əvvəl, noyabrın 9-da Güləbird, Səfiyan və Türklər kəndləri işğaldan azad edilmişdi. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qayıtdı.

Laçın şəhərinin azad edilməsi hərbi uğurla yanaşı, diplomatik qələbə kimi də qiymətləndirilir. Azərbaycan dövlətinin müstəqil siyasəti, qətiyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi nəticəsində bu tarixi ədalət bərpa olundu. Bu hadisə Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biri oldu.

Bu gün Laçında Böyük Qayıdış proqramı çərçivəsində məskunlaşma prosesi uğurla davam edir. Yüzlərlə ailə doğma yurduna köçürülüb, yeni iş yerləri açılıb, kənd təsərrüfatı və heyvandarlıq ənənələri bərpa olunmağa başlayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Laçın qısa zamanda inkişaf edərək, əvvəlki şöhrətinə qovuşacaq və əbədi yurdumuz olaraq qalacaq.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.