Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasıdır. Yeni çəkilən və əsaslı surətdə qurulan yollar, vətəndaşların təhlükəsizliyi və rahatlığının təminində böyük əhəmiyyət kəsb edir, həmçinin regionda yük və sərnişin daşımalarını xeyli yaxşılaşdırır, bölgədə turizmə və sosial-iqtisadi inkişafa təkan verir.
Yol infrastrukturunun hüquqi müstəvidə qurulması məqsədilə mühüm addım kimi Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmana və ona edilmiş dəyişikliklərə əsasən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqini qeyd etmək olar ki, bu da ölkəmizdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisinə bilavasitə cavabdehlik daşıyan təşkilatlar və onların üzərinə düşən vəzifələri müəyyən edir.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Hazırda ölkə başçısının tapşırığı ilə əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına, erməni vandalizminə məruz qalaraq, xarabalığa çevrilmiş şəhər və rayonlarımızda yol-nəqliyyat sahəsinin inkişafına yönəlmişdir.
Cənab Prezident İlham Əliyev işgaldan azad edilmiş bölgələrə daim səfərlər edir, bərpa və quruculuq işlərilə şəxsən tanış olur, görulən işlərə dair tapşırıqlar verir.
İşğaldan azad edilmiş ərazilərdə ən böyük yol layihələrindən biri Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yolu ilə yanaşı, Laçın rayonu ərazisində də nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçməklə, 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
Təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulmuş və cari ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının tikintisi həm də Kəlbəcər-Laçın avtomobil yolu şəbəkəsinin müasirləşdirilməsinə şərait yaratmışdır. Bu ilin may ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Bu özlüyündə yol inşasının nəinki iqtisadi, eyni zamanda mədəni, sosial, humanitar məsələlər baxımından əhəmiyyət kəsb etdiyinin göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Çətin relyefə malik olan ərazidən keçən yol boyunca müxtəlif süni qurğuların tikintisi icra olunub, asfalt-beton örtüyü döşənib. Eyni zamanda ərazidə 4 aşırımlı avtomobil körpüsü inşa olunub.
Laçın şəhərinin daxili yollarının bərpası işləri aparılır, şəhər ərazisində müasir yol infrastrukturu qurulur ki, bu da şəhərdə yaşayan əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişini təmin edir.
Tarixi qələbənin təzahürü kimi hər salınan yol hər birimizin doğma Qarabağımıza rahat və tez çatmağımızı daha da asanlaşdırır.
Aygün Məmmədli
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın