Ötən həftə Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və Ağ Evdə keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan diplomatiyasının mühüm uğurlarından biri kimi tarixə düşdü. Səfər çərçivəsində imzalanan sənədlər və verilən siyasi mesajlar yalnız iki ölkə arasında münasibətləri gücləndirməklə kifayətlənmir, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsini yenidən formalaşdırır. ABŞ-la strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmək Azərbaycanın qlobal arenada nüfuzunun artmasının bariz göstəricisidir.
Səfər təkcə protokol xarakterli tədbirlərdən ibarət olmayıb, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik aspektlərində dərin strateji məna daşıyır. Qarşılıqlı investisiyalar, ticarət əlaqələri, süni intellekt, tranzit və müdafiə kimi sahələrdə əməkdaşlıq formatı Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcək. Bu əməkdaşlıq, eyni zamanda, regionda geosiyasi balansın qorunmasına və müxtəlif güc mərkəzləri ilə münasibətlərin optimal şəkildə tənzimlənməsinə şərait yaradacaq.Siyasi müstəvidə ən mühüm hadisələrdən biri Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişəyə son qoyulması oldu. Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsünü yüksək qiymətləndirərək, bunu tarixi hadisə adlandırdı. Trampın altı ay ərzində atdığı addımlar nəticəsində 1992-ci ildən bəri davam edən ATƏT-in Minsk qrupu prosesinin əvəzində real sülh razılaşmasına nail olundu. Bu addım Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdırır.
Sülhün iqtisadi potensialı da diqqətəlayiqdir. Regional nəqliyyat və ticarət yollarının açılması, sərhədyanı bölgələrin dirçəlməsi və investisiyaların artması üçün əlverişli şərait yaranır. Prezident İlham Əliyevin Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsi həm diplomatik jest, həm də Qafqaz sülh prosesinə beynəlxalq diqqəti yönəldən peşəkar siyasi gediş kimi dəyərləndirilə bilər.Enerji əməkdaşlığı bu tərəfdaşlığın mühüm sütunlarından biridir. Səfər zamanı SOCAR və ExxonMobil arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” həm ənənəvi, həm də qeyri-ənənəvi enerji ehtiyatlarının qiymətləndirilməsini nəzərdə tutur. ExxonMobil-in texnoloji imkanlarının Azərbaycana gətirilməsi enerji sənayesində innovasiyaları sürətləndirəcək, ixrac imkanlarını genişləndirəcək və ölkənin beynəlxalq enerji layihələrində lider mövqeyini möhkəmləndirəcək.
Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması təkcə iki ölkə arasında əlaqələrin inkişafı deyil, həm də regional sabitlik və qlobal siyasətdə yeni reallıqların yaranması deməkdir. Bu proses həm iqtisadi inkişaf, həm enerji təhlükəsizliyi, həm də uzunmüddətli sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə bu əməkdaşlığın reallaşması Azərbaycanın inkişafına və beynəlxalq sabitliyə əhəmiyyətli töhfələr verəcək.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın