2025-ci il avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etdi. Bu səfər Azərbaycanın beynəlxalq diplomatiyada əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi dəyərləndirilir. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, həmçinin Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün möhkəm əsasların yaradılması bu görüşün əsas nəticələrindən oldu. Azərbaycanın qalib dövlət statusu və beynəlxalq nüfuzu bu səfərlə daha da gücləndi.

Vaşinqton sammitində Azərbaycan, Ermənistan və ABŞ liderləri bir araya gələrək sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Birgə Bəyannamə imzaladılar. Bu sənəd uzun illər davam edən münaqişənin sona çatması üçün real mexanizm təqdim etdi və bölgədə dayanıqlı sülhün bərqərar olmasına xidmət etdi. Birgə Bəyannamə Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu, diplomatik iradəsinin isə qalib gəldiyini göstərdi.

Sammitin diqqət mərkəzində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması oldu. Sənədin tezliklə imzalanması və ratifikasiyası üçün zəruri addımların atılması razılaşdırıldı. Eyni zamanda, ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlarının ləğvi qərara alındı. Bu, illərlə nəticəsiz qalan köhnə formatın sona çatdığını və daha effektiv diplomatik mexanizmlərin tətbiqinə başlanıldığını göstərdi.

Görüş zamanı qəbul edilən mühüm qərarlardan biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması idi. Bu layihə, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və fasiləsiz nəqliyyat əlaqəsi yaradacaq. Zəngəzur dəhlizinin açılması Azərbaycanın regional tranzit imkanlarını artırmaqla yanaşı, Ermənistan üçün də yeni iqtisadi və kommunikasiya imkanları açacaq. Bu təşəbbüs regionun nəqliyyat xəritəsini dəyişdirəcək strateji addım kimi qiymətləndirilir.

Səfər çərçivəsində iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bu qrup enerji, ticarət, rəqəmsal texnologiyalar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməyi hədəfləyir. ABŞ-ın 1992-ci ildən tətbiq etdiyi 907-ci düzəlişin ləğvi isə ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Enerji sahəsində SOCAR ilə ExxonMobil arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycanın enerji təhlükəsizliyini gücləndirəcək mühüm iqtisadi razılaşmalardan biri kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin Vaşinqton səfəri, Azərbaycanın beynəlxalq siyasətdə nüfuzunun və təsir imkanlarının daha da artdığını göstərdi. Ağ Evdə yüksək səviyyədə qarşılanan dövlət başçısına ABŞ Prezidentinin “böyük lider” kimi müraciəti, ölkəmizin dünya siyasətindəki önəmli mövqeyinin təsdiqi oldu. Bu proses, Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin möhkəmlənməsi ilə yanaşı, bölgədə yeni investisiya imkanları və iqtisadi əməkdaşlıq perspektivlərinin açılması baxımından da əlamətdardır. İlham Əliyevin uzaqgörən diplomatiyası Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirən həlledici faktor kimi ön plana çıxır.

Rəşad Rəsulov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.