Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycan diplomatiyasında mühüm hadisə kimi tarixə düşüb. Bu səfər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını təmin etməklə yanaşı, regionda uzunmüddətli sülhün qurulmasına yeni perspektivlər açıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl sülh siyasəti bir daha təsdiqləyib ki, Azərbaycan xarici siyasət kursunu qətiyyətlə və uğurla davam etdirir. Vaşinqton səfəri həm də regional sabitlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edib.

Səfərin kulminasiya nöqtəsi Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən Vaşinqton Sammiti olub. Görüşün yekununda Azərbaycan və Ermənistan liderləri, ABŞ Prezidenti isə şahid qismində Birgə Bəyannaməyə imza atıblar. Sənəd Azərbaycanın illərdir irəli sürdüyü sülh təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərib. Həmçinin, Bəyannamədə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması mühüm dönüş nöqtəsi kimi qeyd olunub. Bu addım gələcəkdə sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün əsaslı zəmin yaradıb.

Sammitin nəticələri sırasında diqqətçəkən qərarlardan biri də ATƏT-in Minsk Prosesi və əlaqədar strukturlarının fəaliyyətinin dayandırılması olub. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə imzası ilə ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanan məktubla bu qərar rəsmiləşdirilib. Minsk formatı uzun illər regionda sülh prosesinə xidmət etsə də, real nəticə vermədiyi üçün yeni və daha effektiv mexanizmlərə ehtiyac yaranmışdı. Bu dəyişiklik, Cənubi Qafqazda sülh və sabitlik istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Vaşinqtonda əldə olunan razılaşmalar arasında nəqliyyat sahəsində strateji əhəmiyyət daşıyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi də yer alıb. Ermənistan ərazisindən keçəcək bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz və maneəsiz əlaqəni təmin etməyi nəzərdə tutur. Layihə həm də regional iqtisadi əməkdaşlığın güclənməsinə, ticarət və logistika imkanlarının genişlənməsinə xidmət edəcək. Bu istiqamətdə atılan addımlar dövlətimizin ərazi bütövlüyünün möhkəmlənməsinə və regionda davamlı inkişafın təmin olunmasına töhfə verəcək.

Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafını hədəfləyən mühüm sənədlər imzalanıb. Bunlar arasında iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu xüsusi əhəmiyyət daşıyır. Enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi prioritet sahələrdə əməkdaşlıq planlaşdırılır. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə imzalanan Sərəncam, iki ölkə arasında qarşılıqlı etimadı daha da möhkəmləndirib.

Enerji sahəsində də əhəmiyyətli əməkdaşlıq addımı atılıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ExxonMobil korporasiyası arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” həm ənənəvi, həm də qeyri-ənənəvi enerji yataqlarının işlənməsi istiqamətində yeni imkanlar yaradıb. Bu sənəd ölkəmizin enerji sektorunun modernləşdirilməsi, enerji təhlükəsizliyinin artırılması və beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Ümumilikdə, Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın qlobal diplomatiyada mövqeyini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda sülh və əməkdaşlıq proseslərinə güclü təkan verib.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.