Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü Cənubi Qafqaz tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Görüş zamanı imzalanan sənədlər bölgədə dayanıqlı sülhün bərqərar olması və əməkdaşlıq üçün yeni imkanların açılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu nəticələr, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və milli maraqları müdafiə edən strategiyasının birbaşa bəhrəsi kimi qiymətləndirilir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhə aparan yolun açılması istiqamətində atılan bu addımlar, həm yerli, həm də beynəlxalq miqyasda nümunə kimi göstərilir.
Görüşün ən vacib məqamlarından biri liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə oldu. Sənəd regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpasını və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin yaradılmasını nəzərdə tutur. Bu çərçivədə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi Ermənistan ərazisindən keçərək iki bölgəni birləşdirəcək yeni dəhlizin qurulmasını hədəfləyir. Layihə yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi əhəmiyyətinə görə strateji xarakter daşıyır və Naxçıvanın uzun illər davam edən blokadasına son qoyacaq.
Vaşinqton görüşündə həmçinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb. Bununla yanaşı, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı birgə müraciət də qəbul edilib. Prezident İlham Əliyev açıqlamasında Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulduğu təqdirdə sülh sazişinin imzalanmasının qarşısında heç bir maneə qalmayacağını vurğulayıb. Bu, bölgədə uzunmüddətli sülhün reallaşması üçün ciddi addım kimi dəyərləndirilir.
ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoyması da görüşün mühüm nəticələrindən biridir. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupu yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu format qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək. Prezident İlham Əliyev bu razılaşmanı Azərbaycanın beynəlxalq arenada strateji mövqelərinin möhkəmlənməsi üçün tarixi nailiyyət adlandırıb.
Görüş zamanı ABŞ Prezidenti Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması da diqqət çəkən hadisələrdən oldu. Bu addım illərlə Azərbaycan-ABŞ münasibətlərinə maneə yaradan bir məhdudiyyətin aradan qaldırılması deməkdir. Qərar həm iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir, həm də iki ölkə arasında qarşılıqlı etimadı möhkəmləndirir.
Bütün bu nəticələr göstərir ki, Vaşinqton görüşü Cənubi Qafqazda sülhün təmin olunması, regional əməkdaşlıq və iqtisadi inkişaf baxımından əhəmiyyətli bir mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan diplomatik xətt Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin strateji maraqlarını da qoruyur. Bu proses həm regionun, həm də beynəlxalq münasibətlər sisteminin gələcəyi üçün nikbinlik yaradır.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 nömrəli ərazi partiya təşkilatının sədri


Bir şərh yazın