Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə diversifikasiya, innovasiya və dayanıqlılıq prinsipləri üzərində qurulub. Neft-qaz sektoru hələ də iqtisadiyyatın əsas gəlir mənbəyi olsa da, qeyri-neft sektorunun inkişafına yönəlmiş islahatlar ölkənin uzunmüddətli iqtisadi sabitliyini təmin edir. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və logistika sahələrində görülən işlər iqtisadiyyatın şaxələnməsinə mühüm töhfə verir.
2020-ci ildən sonra həyata keçirilən böyük infrastruktur layihələri, xüsusilə azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına əlavə impuls verib. Bu bölgələrdə yaradılan sənaye parkları, kənd təsərrüfatı klasterləri və yaşıl enerji zonaları, həm daxili bazara, həm də ixraca yönəlik istehsal imkanlarını genişləndirir.Azərbaycanın xarici iqtisadi siyasətində strateji tərəfdaşlıqlar xüsusi yer tutur. ABŞ, ölkəmizin ən mühüm iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi son illərdə artım göstərir və enerji sahəsi ilə məhdudlaşmır. Texnologiya, kənd təsərrüfatı və maliyyə sektorlarında da əməkdaşlıq perspektivləri mövcuddur.
Prezident İlham Əliyevin ABŞ-a son səfəri iqtisadi əməkdaşlığın miqyasını daha da genişləndirdi. Vaşinqtonda keçirilən işgüzar forumda ABŞ-ın aparıcı şirkətləri ilə görüşlər baş tutdu. Bu görüşlər nəticəsində, kənd təsərrüfatı texnologiyaları, rəqəmsal transformasiya və nəqliyyat-logistika sahələrində yeni investisiya razılaşmaları əldə olundu. ABŞ tərəfi Azərbaycanı regionda etibarlı iqtisadi platforma kimi qiymətləndirdi.
Səfər zamanı həmçinin sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında yeni çərçivə sənədi imzalandı. Bu sənəd, amerikalı investorlar üçün Azərbaycanda daha əlverişli biznes mühiti yaradacaq. Eyni zamanda, Azərbaycan şirkətlərinin ABŞ bazarına çıxış imkanları genişlənəcək. Bu, xüsusilə kənd təsərrüfatı məhsullarının və yüksək texnologiyalı malların ixracı üçün mühüm addımdır.Vaşinqton danışıqlarında Ermənistanla sülh prosesi də iqtisadi baxımdan müzakirə mövzusu oldu. ABŞ tərəfi vurğuladı ki, sülh müqaviləsinin imzalanması regionda ticarət marşrutlarının bərpasına, sərmayə axınının artmasına və Cənubi Qafqazın iqtisadi inteqrasiyasına şərait yaradacaq. Azərbaycan isə bildirib ki, iqtisadi əməkdaşlıq yalnız qarşılıqlı hörmət və ərazi bütövlüyünün tanınması əsasında mümkündür.
Prezident İlham Əliyevin ABŞ səfəri, Azərbaycanın iqtisadi strategiyasına yeni nəfəs gətirdi. Səfər çərçivəsində əldə olunan razılaşmalar, ölkəmizin iqtisadiyyatında innovasiyaların tətbiqini, ixracın genişlənməsini və investisiya mühitinin yaxşılaşmasını təmin edəcək. Bu əməkdaşlıq, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə daha güclü mövqeyə sahib olmasına şərait yaradacaq.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın