Azərbaycan son illərdə əldə etdiyi mühüm nailiyyətlər nəticəsində beynəlxalq arenada etibarlı və nüfuzlu tərəfdaş kimi tanınır. Ölkəmizin regional və qlobal proseslərdəki çəkisi hər il artır, siyasi nüfuzu güclənir. Prezident İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqtona etdiyi işgüzar səfər isə bu strateji kursun yeni və əlamətdar mərhələsi kimi qiymətləndirilir. Səfər, Azərbaycanın dünya siyasətində fəal mövqeyini və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirdi.
Səfərin ən vacib hadisələrindən biri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən sammit oldu. Bu görüşdə Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı. Sənəd, Azərbaycan tərəfindən uzun illər ərzində təklif olunan sülh təşəbbüslərinin beynəlxalq miqyasda dəstəkləndiyini nümayiş etdirdi. Burada regional sabitlik, qarşılıqlı hörmət və təhlükəsizlik prinsipləri aydın şəkildə əksini tapdı.
Sammitin nəticələri bölgədə illərlə davam edən gərginliyin aradan qaldırılması istiqamətində mühüm dönüş nöqtəsi oldu. Birgə Bəyannamə Azərbaycanın beynəlxalq arenada prinsipial mövqeyini gücləndirdi və sülh diplomatiyasının real nəticə verdiyini təsdiqlədi. Eyni zamanda, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması prosesin yeni mərhələyə keçdiyini göstərdi. Bu addım, gələcəkdə sülh müqaviləsinin imzalanmasına yol açacaq.
Sammit çərçivəsində diqqətçəkən məqamlardan biri də ATƏT-in Minsk Prosesi və əlaqədar strukturlarının rəsmi olaraq fəaliyyətini dayandırması barədə qərar oldu. Hər iki ölkənin xarici işlər nazirlərinin imzaladığı birgə müraciət məktubu ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edildi. Bu, 2020-ci ildən bəri Azərbaycanın gündəmdə saxladığı və sülh prosesinə mane olan əsas amillərdən birinin aradan qaldırılması baxımından mühüm diplomatik uğur hesab olunur.
Birgə Bəyannamədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair mühüm razılaşmalar da əksini tapıb. Xüsusilə, Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz quru əlaqəsi yaradılacaq. Bu dəhliz həm regional inteqrasiyanı, həm də iqtisadi əməkdaşlığı gücləndirəcək. Vaşinqton görüşündə bu istiqamətdə konkret addımların atılması razılaşdırılıb ki, bu da Cənubi Qafqazda sabitlik və inkişaf üçün mühüm zəmin yaradır.
Səfər zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Sənəd enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncam imzalanması ikitərəfli münasibətlərin güclənməsinə böyük təkan verdi. SOCAR və ExxonMobil arasında bağlanan əməkdaşlıq memorandumu isə enerji sektorunda yeni layihələrin əsasını qoydu. Beləliklə, Vaşinqton səfəri Azərbaycanın diplomatiya tarixində növbəti parlaq uğur kimi yadda qaldı.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın