Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsindəki rolu son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Strateji coğrafi mövqeyi, enerji resursları və regional liderlik potensialı ölkəmizi təkcə iqtisadi baxımdan deyil, həm də təhlükəsizlik məsələlərində əhəmiyyətli tərəfdaşa çevirib. Cənubi Qafqazda sabitliyin qorunması, terrorizmlə mübarizə, kiber təhlükəsizlik və transmilli cinayətlərin qarşısının alınması kimi sahələrdə Azərbaycan beynəlxalq təşəbbüslərə fəal qoşulur.
Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı missiyalarda iştirakı və regional təhlükəsizlik təşəbbüslərində oynadığı rol, ölkəmizin bu sahədə etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olub. Əfqanıstanda sülhməramlı kontingentin xidmətindən tutmuş dəniz təhlükəsizliyi üzrə beynəlxalq əməliyyatlara qədər geniş spektrdə fəaliyyət göstərilməsi Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasına verdiyi töhfələri artırır.Bununla yanaşı, Azərbaycan regional münaqişələrin həllində balanslı mövqeyini qoruyur. Ermənistanla uzunmüddətli sülhün təmin olunması təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də bütövlükdə regionun təhlükəsizliyi üçün əsas şərtlərdən biridir. Bu baxımdan, diplomatik kanalların işlək saxlanması, vasitəçi ölkələrlə əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə sadiqlik Azərbaycanın əsas siyasət xəttini təşkil edir.
Prezident İlham Əliyevin ABŞ-a son səfəri təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisə oldu. Vaşinqton görüşlərində tərəflər terrorizmlə mübarizə, kiber təhlükəsizlik və regional sabitlik mövzularında strateji dialoq aparıblar. ABŞ tərəfi Azərbaycanın sülhməramlı əməliyyatlarda rolunu yüksək qiymətləndirərək, gələcəkdə müdafiə və təhlükəsizlik sahələrində birgə təlimlərin keçirilməsi barədə razılığa gəldi.Səfər zamanı imzalanan sənədlərdən biri, müdafiə sənayesi müəssisələri arasında texnologiya və təcrübə mübadiləsini nəzərdə tutur. Bu, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması ilə yanaşı, daxili hərbi-sənaye kompleksinin modernləşdirilməsinə də imkan verəcək. ABŞ həmçinin Azərbaycan sərhəd qoşunlarının texniki təchizatının gücləndirilməsinə dəstək göstərəcəyini açıqladı.
Vaşinqton danışıqları zamanı Ermənistanla sülh prosesi də təhlükəsizlik müstəvisində müzakirə edildi. ABŞ, sülh müqaviləsinin imzalanmasını və sərhədin demarkasiyasını bölgədə silahlı toqquşmaların qarşısını almağın əsas yolu kimi qiymətləndirdi. Azərbaycan isə öz növbəsində bölgədə hərbi balansın pozulmaması üçün beynəlxalq dəstəyin vacibliyini vurğuladı.Prezident İlham Əliyevin ABŞ səfəri, Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasındakı rolunu daha da gücləndirdi. Təhlükəsizlik sahəsində əldə olunan razılaşmalar, həm ölkənin milli maraqlarının qorunmasına, həm də regional və qlobal sabitliyə töhfə verəcək. Bu əməkdaşlıq, Azərbaycanın gələcəkdə də beynəlxalq təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş olaraq qalacağını təsdiqlədi.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın