Azərbaycan-Ermənistan münasibətləri son yüzillikdə regionun ən mürəkkəb geosiyasi məsələlərindən biri olub. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, yüz minlərlə azərbaycanlının məcburi köçkünə çevrilməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə nəticələndi. Otuz ilə yaxın davam edən status-kvo, bölgədə sabitliyi və inkişafı əngəlləyən əsas amillərdən biri idi.2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Ordumuzun parlaq qələbəsi nəticəsində ərazi bütövlüyümüz böyük ölçüdə bərpa edildi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda qondarma separatçı rejim ləğv olundu. Bununla belə, Ermənistanla münasibətlərin tam normallaşdırılması üçün hələ də bir sıra siyasi, hüquqi və diplomatik məsələlərin həllinə ehtiyac qalırdı.
Azərbaycan sülh prosesinə daim açıq olduğunu bəyan edib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanla münasibətlər yalnız beynəlxalq hüquq prinsipləri – xüsusən də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında normallaşa bilər. Lakin Ermənistanın daxili siyasətində bəzi qüvvələr revanşist ritorika ilə çıxış edərək sülh müqaviləsinin imzalanmasını yubadırdı.Məhz bu kontekstdə Prezident İlham Əliyevin ABŞ-a son səfəri xüsusi əhəmiyyət daşıdı. Vaşinqtonda keçirilən görüşlərdə ABŞ rəhbərliyi açıq şəkildə bəyan etdi ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması regionun sabitliyi üçün vacibdir. ABŞ-ın vasitəçiliyi ilə təşkil olunan üçtərəfli sammitdə tərəflər arasında sülh sazişi layihəsi paraflandı. Bu, uzun illər davam edən qarşıdurmanın diplomatik həllinə real ümidlər yaratdı.Sammit çərçivəsində Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi də gündəmə gətirildi. ABŞ tərəfi açıq şəkildə bildirdi ki, ərazi iddiaları davam edərsə, sülh sazişinin imzalanması mümkün olmayacaq. Ermənistan nümayəndə heyəti konstitusiyaya dəyişikliklərlə bağlı prinsipial razılıq verdiyini açıqladı. Bu, Azərbaycanın illərdir tələb etdiyi mühüm diplomatik uğur kimi qiymətləndirilə bilər.
Vaşinqton görüşlərinin mühüm nəticələrindən biri də sərhədin demarkasiyası prosesində konkret addımların müəyyənləşdirilməsi oldu. ABŞ bu prosesdə texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu bəyan etdi. Azərbaycan isə sərhədin beynəlxalq hüquq normalarına uyğun şəkildə müəyyənləşdirilməsinin sülhün əsas təminatlarından biri olduğunu vurğuladı.
Prezident İlham Əliyevin ABŞ səfəri təkcə iqtisadi və enerji sahələrində deyil, həm də Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi irəliləyişlərə səbəb oldu. Vaşinqton danışıqları nəticəsində əldə olunan razılaşmalar, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün mühüm təməl qoydu. Bu prosesin uğurla başa çatması, Azərbaycanın regionda lider mövqeyini daha da möhkəmləndirəcək.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın