Prezident İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqtona avqustun 7–8-də etdiyi işgüzar səfər Azərbaycan diplomatiyasında mühüm mərhələ kimi tarixə düşdü. Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirdi, tərəfdaşlıq şəbəkəsini genişləndirdi və milli maraqların qlobal səviyyədə müdafiəsinə mühüm töhfə verdi. ABŞ kimi aparıcı dövlətlə aparılan birbaşa dialoq Azərbaycanın regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş statusunu bir daha təsdiqlədi.
Səfərin ən əlamətdar siyasi nailiyyətlərindən biri Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan Birgə Bəyannamə oldu. Sənəd Cənubi Qafqazda uzun illər davam edən münaqişələrin həlli üçün konkret mexanizmləri özündə cəmləyir. Burada dayanıqlı sülhün təmin edilməsi, qarşılıqlı etimadın bərpası və münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımlar dəqiq müəyyən olunub. Sülh sazişinin paraflanması və hüquqi-siyasi çərçivənin yaradılması Azərbaycanın beynəlxalq arenada irəli sürdüyü sülh təşəbbüslərinin qəbul edildiyini göstərir.
Bəyannamədə regional inteqrasiyanın və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı xüsusi yer tutub. Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin bərpası prioritet məsələlərdən biri kimi vurğulanıb. ABŞ-ın dəstəyi ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması nəzərdə tutulur. Ermənistan ərazisindən keçəcək bu yeni dəhliz region ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və Cənubi Qafqazı Avrasiya tranzit yollarının əsas mərkəzlərindən birinə çevirəcək.
Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında münasibətləri strateji səviyyəyə qaldıracaq mühüm addımlar atıldı. İmzalanan Anlaşma Memorandumuna əsasən, Strateji İşçi Qrupu yaradılacaq və enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq sistemli şəkildə dərinləşdiriləcək. Bu platforma həm konkret layihələrin icrasını təmin edəcək, həm də iki ölkə arasında siyasi dialoqu daha intensiv edəcək.
ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarı səfərin diplomatik baxımdan ən mühüm məqamlarından biri oldu. 33 ilə yaxın qüvvədə qalan bu məhdudiyyətin aradan qaldırılması tərəflər arasında etimadı artırmaqla yanaşı, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində yeni imkanlar açır. Bu qərar ABŞ-ın Cənubi Qafqaz siyasətində daha balanslı yanaşmaya keçdiyini nümayiş etdirir.
Enerji əməkdaşlığı da səfərin əsas istiqamətlərindən idi. SOCAR və ExxonMobil arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” neft-qaz sektorunda yeni layihələrin icrasını, alternativ enerji mənbələrinin inkişafını və enerji təhlükəsizliyi sahəsində birgə təşəbbüsləri nəzərdə tutur. Bu addım Azərbaycanın enerji ixrac imkanlarını genişləndirəcək, beynəlxalq bazarlardakı mövqeyini gücləndirəcək və bərpa olunan enerji sahəsində tərəfdaşlıq imkanlarını artıracaq. Ümumilikdə, Vaşinqton səfəri Azərbaycanın diplomatik, iqtisadi və strateji hədəflərinə xidmət edən tarixi uğur kimi dəyərləndirilir.
İsmayılova Qönçə
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın