Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və fəal aktor kimi tanınır. Xarici siyasətdə qarşılıqlı hörmət, bərabərlik və milli maraqların qorunması prinsipləri ölkənin diplomatik uğurlarının təməlində dayanır. Coğrafi mövqeyinə görə strateji önəm daşıyan Azərbaycan, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək enerji, ticarət və logistika mərkəzinə çevrilib. Bu üstünlüklər regional sabitliyin qorunması və qlobal təhlükəsizliyə töhfə vermək baxımından xüsusi əhəmiyyət kəsb edir.Son illərdə Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli münasibətlərdə yüksələn xətlə inkişaf göstərib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu, ölkəmizin nüfuzunu həm regionda, həm də qlobal miqyasda gücləndirib. Xüsusilə də beynəlxalq enerji layihələri, nəqliyyat dəhlizlərinin inkişafı və humanitar təşəbbüslər Azərbaycanın tanınmasını artırıb. Bu uğurların davamı kimi ABŞ-a edilən son səfər, həm ikitərəfli əlaqələrin dərinləşməsi, həm də regional sabitlik baxımından tarixi xarakter daşıdı.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə gerçəkləşən səfər, Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərdi. Vaşinqtonda imzalanan Anlaşma Memorandumu ilə iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması razılaşdırıldı. Bu qurum enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı prioritetləşdirəcək. ABŞ tərəfi Azərbaycanın regional sabitlikdəki rolunu yüksək qiymətləndirdi və bu platforma gələcəkdə daha dərin əməkdaşlığın əsasını qoydu.

Səfərin ən mühüm nəticələrindən biri də “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin tətbiqinin dayandırılması oldu. 1992-ci ildə qəbul edilən bu düzəliş, guya Azərbaycandan Ermənistana qarşı “blokada” bəhanəsi ilə ABŞ yardımını qadağan edirdi. Prezident Donald Trampın imzaladığı sərəncamla bu ədalətsiz məhdudiyyət aradan qaldırıldı. Bu addım təkcə siyasi etimadın göstəricisi deyil, həm də iqtisadi, texnoloji və müdafiə sahələrində əməkdaşlıq üçün geniş imkanların açılması deməkdir.

Vaşinqton görüşlərində enerji əməkdaşlığı xüsusi yer tutdu. Azərbaycan, həm ənənəvi, həm də bərpa olunan enerji sahələrində qazandığı nailiyyətləri ABŞ tərəfi ilə paylaşdı. SOCAR və “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu, neft-qaz ehtiyatlarının səmərəli dəyərləndirilməsi və yeni layihələrin gerçəkləşdirilməsi istiqamətində əhəmiyyətli addımdır. Enerji sahəsində bu əməkdaşlıq, həm Azərbaycanın iqtisadi potensialını artıracaq, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Səfər həm də Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişə səbəb oldu. Vaşinqtonda keçirilən üçtərəfli sammitdə sülh sazişi layihəsi paraflandı və ATƏT-in Minsk Qrupunun fəaliyyəti rəsmi olaraq gündəmdən çıxarıldı. Eyni zamanda, Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması ilə bağlı razılıq əldə olundu. Bu, Azərbaycanın 2020-ci ildən bəri irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərdi.

Ümumilikdə, Prezident İlham Əliyevin ABŞ səfəri, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi imkanlarının genişlənməsinə və regional sabitliyin təmin olunmasına yönəlmiş uğurlu diplomatik addım kimi tarixə düşdü. Bu səfər nəticəsində təkcə ikitərəfli əməkdaşlıq üçün yeni çərçivə yaradılmadı, həm də regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində konkret nəticələr əldə edildi. Azərbaycanın beynəlxalq siyasətdə nüfuzunun artması, bu səfərin ən böyük qazanclarından biri oldu.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.