Azərbaycan Ordusunun 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla nəticələnən İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfər regionun siyasi mənzərəsini dəyişdirdi. Lakin Ermənistan sənədin şərtlərinə əməl etməyərək Kəlbəcər və Laçın istiqamətlərində təxribatlar törədirdi. 2023-cü il sentyabrın 20-də aparılan antiterror əməliyyatı isə Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi. Bu qələbə dünya dövlətləri tərəfindən müxtəlif reaksiyalarla qarşılandı – bəzi ölkələr Ermənistanı dəstəkləməyə davam etdi, bəziləri isə regionda sülhün vacibliyini vurğuladı.
ABŞ, həm müharibə zamanı, həm də antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünə münasibətdə daha balanslı mövqe sərgilədi. Bu yanaşma nəticəsində Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Nyu-Yorkda, Ağ Evdə üçtərəfli danışıqlara başlaması mümkün oldu. Avqustun 7–8-də keçirilən görüş Cənubi Qafqazda sülhün təmininə yönəlmiş mühüm siyasi hadisə kimi tarixə düşdü.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən qısa müddət sonra ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlər 33 il davam etmişdi. Prezident İlham Əliyev Ağ Evdə keçirilən danışıqlarda bu qərarın ləğvini tarixi hadisə kimi qiymətləndirdi və bunun Prezident Trampın strateji baxışının nəticəsi olduğunu vurğuladı. Dövlət başçısı həmçinin, uzun illər nəticəsiz qalan ATƏT-in Minsk qrupunun fəaliyyətini xatırladaraq, müharibəyə son qoyan real addımların məhz son illərdə atıldığını bildirdi.
Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın sülhsevər mövqeyini və regionun gələcəyi üçün təkliflərini bir daha bəyan etdi. O, “Tramp rifah və sülh marşrutu” adlandırdığı yanaşmanın divarları aradan qaldıraraq əlaqələri gücləndirəcəyini, iqtisadi və investisiya imkanlarını artıracağını qeyd etdi. Ermənistanın tranzit ölkəyə çevrilə bilməsi üçün Azərbaycandan keçən kommunikasiya xətlərinin vacibliyini vurğulayan Prezident, bu imkanların həm Ermənistan, həm də region üçün böyük fayda gətirəcəyini dedi.
Avqustun 7–8-də keçirilən səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalandı. Sənədə əsasən enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və terrorla mübarizə sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan–ABŞ münasibətlərini yeni keyfiyyət mərhələsinə çıxaran strateji addım kimi qiymətləndirilir.
Azərbaycanın uğurlu xarici siyasəti dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq münasibətləri qurmasına imkan verir. Prezident İlham Əliyevin avqustun 7–8-də ABŞ-a işgüzar səfəri, əldə olunan razılaşmalar və imzalanan sənədlər, ölkənin beynəlxalq nüfuzunun artdığını bir daha təsdiqlədi. Bu tarixi görüş həm Azərbaycan–ABŞ münasibətlərinin inkişafında, həm də Cənubi Qafqazda davamlı sülhün təminində mühüm mərhələ kimi yadda qalacaq.
Hidayət Səmədov
YAP Şuşa rayon təşkikatının 2 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın