Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 7 avqust tarixində Vaşinqtona rəsmi səfər edib. Bu səfər həm ölkə daxilində, həm də beynəlxalq mediada geniş müzakirələr doğurub. Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra iki ölkə arasındakı münasibətlərdə müşahidə olunan müsbət dinamika, Bayden administrasiyası dövründəki gərginlikdən fərqli olaraq, qarşılıqlı etimad və siyasi dialoq müstəvisində yeni mərhələyə qədəm qoyub.Səfər, təkcə Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsi, diplomatik uğurlarının davamı kimi dəyərləndirilir. Vaşinqtonda aparılan yüksək səviyyəli danışıqlar və imzalanan sənədlər, yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun sabitliyi və əməkdaşlıq perspektivlərinə də mühüm təsir göstərib.
Səfər çərçivəsində Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə tarixi görüş keçirilib. Bu görüş, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir.
Səfərin ən önəmli nəticələrindən biri də ABŞ-ın 33 il davam edən sanksiyalarının Prezident Trampın qərarı ilə aradan qaldırılmasıdır. Bununla yanaşı, enerji, nəqliyyat, ticarət, süni intellekt və müdafiə kimi bir çox sahədə əməkdaşlıq üçün geniş imkanlar müəyyən olunub. SOCAR və “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması isə iqtisadi əlaqələrdə yeni səhifə açıb.
Səfər çərçivəsində, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması da baş tutub. Bu, uzun illərdir gündəmdə olan Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilir. Ermənistanın illərlə mövzunu yubadaraq “Sülh kəsişməsi” layihəsi ilə vaxt qazanmağa çalışmasına baxmayaraq, Azərbaycan maneəsiz gediş prinsipinə nail olub.
Dünya təcrübəsində çox sayda ölkə müharibədə qalib gəlsə də, diplomatiyada uğur qazana bilməyib. Azərbaycan isə həm Vətən müharibəsində tam qələbə əldə edib, həm də bu nəticəni beynəlxalq müstəvidə qəbul etdirib. Vaşinqton görüşü ilə isə ölkə, diplomatik zəfərini möhkəmləndirib.
Prezident İlham Əliyevin Vaşinqton səfəri, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ açmaqla yanaşı, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın təsdiqi oldu. “ExxonMobil”la əməkdaşlıq və strateji tərəfdaşlıq planları, Azərbaycanın enerji təminatçısından regional güc mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar kimi dəyərləndirilir. Bu proses, regionun inkişafına, sabitliyinə və beynəlxalq inteqrasiyasına əhəmiyyətli töhfə verəcək.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın