Qloballaşma dövründə milli dillərin yaşadılması və inkişafı xüsusi strategiya tələb edir. Azərbaycan dilinin bu çağırışlara uyğunlaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilir. 2013-cü ildə qəbul edilən dövlət proqramı bunun bariz nümunəsidir.Bu proqram dilin informasiya texnologiyaları ilə vəhdətdə inkişafına, dilçilik elminin müasir metodlarla aparılmasına yönəlib. Burada həmçinin dilin tədrisi, istifadəsi və elmi tədqiqinə dövlət dəstəyinin artırılması məsələləri əsas yer tutur. Beləliklə, ana dilimiz yalnız ənənəvi sferalarda deyil, rəqəmsal mühitdə də yaşadılır və yayılır.
2018-ci il 17 iyul tarixli sərəncamla isə Azərbaycan dilinin internet mühitində genişlənməsi üçün əlavə tədbirlər müəyyən edildi. Bu sənəd dilimizin sosial media, onlayn nəşrlər və elektron arxivlərdə mövcudluğunu gücləndirdi.Həmin ilin 1 noyabrında imzalanan fərmanla isə Azərbaycan dilinin saflığının qorunması, dövlət orqanlarında və ictimai mühitdə düzgün istifadəsinin təmin olunması məsələləri aktuallaşdı. Bu addımlar ana dilimizin müasir dövrdə effektiv tətbiqinə, eyni zamanda, orfoqrafik və üslubi sabitliyin qorunmasına xidmət edir.
Bu siyasət bir daha göstərir ki, dövlət dili məsələsi Azərbaycan Respublikasının milli siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Mədəniyyətimizin, təhsilimizin və informasiya siyasətimizin təməlində məhz bu dil dayanır.Azərbaycan dilinin inkişafı həm milli varlığımızın gücləndirilməsi, həm də beynəlxalq aləmdə kimliyimizin tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Dövlətin bu istiqamətdə göstərdiyi iradə gələcək nəsillərə güclü dil mirası bəxş edir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 nömrəli ərazi partiya təşkilatının sədri


Bir şərh yazın