Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, mənəviyyatını, tarixini və zəngin mədəniyyətini ifadə edən ən güclü vasitə olmuşdur. Ulu Öndər Heydər Əliyevin dil siyasəti bu sahədə dönüş nöqtəsi yaratmış, ana dilimizin dövlət dili kimi hüquqi və mənəvi statusunu möhkəmləndirmişdir.
Ulu Öndərin fikirləri hər bir azərbaycanlı üçün yol göstəricidir: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasını təşkil edir.”
“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilə bilməz.”
Bu fikirlərdə bir millətin varlığı, gücü və gələcəyi ifadə olunur. Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqımızın minilliklər boyu formalaşmış düşüncə tərzini, mənəviyyatını və dünyagörüşünü özündə yaşadan əvəzsiz xəzinədir.
Ulu Öndər qeyd edirdi:
“Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.”
“Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə fəxr edirik.”
“Hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik.”
Bu gün Azərbaycan dili yalnız ölkə sərhədləri daxilində deyil, beynəlxalq müstəvidə də tanınan və öyrənilən bir dilə çevrilmişdir. Xalqımızın adı tanındıqca, mədəniyyətimiz tanındıqca, dilimiz də tanınır və yayılır. Ana dilimiz artıq dünya dilləri sırasında öz layiqli yerini tutmaqdadır.
Bu yolda dövlətimizin dil siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycan dilinin inkişafına süni maneələrin aradan qaldırılması, gənc nəslin bu dildə sərbəst danışması, oxuması və yazmasını təşviq etməkdir.
Dilimiz bizim milli sərvətimizdir. Onu qorumaq, sevmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Unutmayaq ki, xalqın varlığı, milli kimliyi məhz onun dili ilə yaşayıb inkişaf edir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın