Azərbaycan dili xalqımızın tarixi yaddaşı, milli kimliyi və mədəniyyətinin daşıyıcısıdır. Dil bir xalqın varlığının, düşüncə tərzinin və mənəvi dəyərlərinin əsas sütunlarından biridir. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycan dili hər bir azərbaycanlının qürur mənbəyi olmalıdır. Onun fikrincə, dil millətin milliliyinin əsas atributudur və hər bir gənc öz dilini dərindən öyrənməli, onun incəliklərinə bələd olmalı və sevə-sevə istifadə etməlidir.Heydər Əliyev qeyd edirdi ki, biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, xalqımızın içində də bu dilin hökmran olmasına nail olmalıyıq. Bu sözlər ana dilimizin yalnız hüquqi statusunu deyil, onun ictimai-mədəni həyatdakı rolunu da əks etdirir. Ana dilinin qorunması və inkişafı təkcə dövlətin deyil, həm də hər bir vətəndaşın borcudur.

Təəssüf ki, zaman-zaman ana dilimizin qarşısında süni maneələr yaradılıb, onun inkişafına əngəllər törədilib. Lakin bu gün müstəqil Azərbaycanın reallığında Azərbaycan dili artıq dövlətin rəsmi dili kimi möhkəmlənib və dünya səviyyəsində tanınmaqdadır. “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var,” – deyə Heydər Əliyev qeyd etmişdi. Bu sözlər bir tərəfdən dilin zənginliyini, digər tərəfdən isə bu dilin hər bir sahədə – elm, mədəniyyət, təhsil, incəsənət və gündəlik həyatda tətbiq olunmasının vacibliyini vurğulayır.

Ümummilli Liderin dilə bağlı çıxışlarında həm də dərin vətənpərvərlik hissi duyulur. O bildirirdi ki, “öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” – bu isə dilin təkcə ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaş və milli şüur formalaşdıran amil olduğunu sübut edir. Dil vasitəsilə nəsillər arasında bağ qurulur, ənənələr ötürülür və milli dəyərlər yaşadılır.

Eyni zamanda, Azərbaycan dili təkcə bizim deyil, bütövlükdə türk dünyasının mənəvi sərvətidir. Bu dilin poetik gücü, bədii ifadə zənginliyi onu digər türkdilli xalqlar üçün də örnək bir dilə çevirib. Məhz bu səbəbdən türk dünyası yazıçılarının toplantılarında da Azərbaycan dilinin gücündən bəhs olunmuş, onun milli-mədəni dəyəri yüksək qiymətləndirilmişdir.

Nəticə etibarilə, Azərbaycan dili bizim kimliyimizdir. Onu qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vəzifəsidir. Ana dilimizə münasibətimiz – Vətənə münasibətimizdir. Dilimizin inkişafı həm də dövlətimizin, mədəniyyətimizin və xalqımızın gələcəyidir.

Əmirxan Qarayev

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.