Azərbaycan dili əsrlər boyu xalqımızın milli mənliyinin ifadəçisi olmuş, milli kimliyimizin əsas dayaqlarından biri kimi çıxış etmişdir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın mədəniyyətini, mənəviyyatını, tarixini yaşadan güzgüdür. Ana dilimiz bu gün dövlət statusunda öz inkişafını davam etdirir və beynəlxalq səviyyədə tanınmaqda davam edir.Azərbaycan dilinin inkişafında ən mühüm xidmətlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, rəhbərliyə gəldiyi ilk illərdən etibarən Azərbaycan dilini dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri kimi qəbul etmiş, onun hüquqi statusunun təsbitinə xüsusi önəm vermişdir.
SSRİ dövründə rus dilinin vahid dil kimi təbliğ olunmasına baxmayaraq, Heydər Əliyev bu totalitar təzyiqlərə sinə gərərək 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olmuşdur. Bu, milli varlığımızın qorunmasında əlamətdar hadisə olmuşdur.
1978-ci il aprelin 21-də qəbul edilən Konstitusiyanın 73-cü maddəsinə əsasən, Azərbaycan dilinin dövlət dili kimi tanınması tarixə Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi kimi düşdü. Bu təşəbbüs gələcək müstəqilliyin əsas atributlarından biri olan ana dilimizin hüquqi əsaslarını möhkəmləndirdi.
Müstəqillik illərində də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. O, dilin dövlət idarəçiliyində və ictimai həyatda geniş şəkildə tətbiqini təmin etmək üçün bir sıra mühüm sərəncamlar imzalamışdır.Beləliklə, ana dilimiz tarix boyu xalqımızın varlığına şahidlik etmiş, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmişdir. Onun qorunması və inkişafı milli varlığımızın davamlılığını təmin edən əsas şərtlərdən biridir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın