Azərbaycan dili – xalqımızın ən qiymətli milli sərvətlərindən biridir. Minillərlə formalaşan bu dil həm tariximizi, həm də milli yaddaşımızı yaşadan başlıca vasitədir. Ana dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə yanaşı, bu prosesdə cəmiyyətin bütün təbəqələrinin üzərinə mühüm vəzifələr düşür.
Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməli və bu dildə danışmaqla fəxr etməlidir. Onun siyasətində Azərbaycan dili milli varlığın, dövlətçiliyin və suverenliyin əsas atributlarından biri kimi təqdim olunurdu. Məhz bu baxış bucağından dil məsələsinə dövlət quruculuğunun tərkib hissəsi kimi yanaşılmışdır.Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin, ədəbiyyatın, mənəviyyatın daşıyıcısıdır. Bir xalqın dili nə qədər zəngin, təmiz və işləkdirsə, həmin xalqın mədəni səviyyəsi də bir o qədər yüksək qiymətləndirilir. Bu baxımdan, ana dilimizin saflığının qorunması milli kimliyimizin qorunması deməkdir.
Müasir dövrdə informasiya bolluğu və texnologiyanın sürətli inkişafı fonunda dilin qorunması məsələsi yeni çağırışlarla üz-üzədir. Sosial şəbəkələrdə, mediada, gündəlik danışıqda dil pozuntularının artması, xarici sözlərin və ifadələrin yerli söz ehtiyatı ilə əvəz olunmadan istifadəsi ciddi narahatlıq doğurur. Belə hallara qarşı təkcə inzibati tədbirlər yox, eyni zamanda ictimai məsuliyyət hissi ilə də yanaşmaq vacibdir.Bu gün Azərbaycan dilinin saflığını qorumaq üçün müəllimlər, jurnalistlər, ziyalılar, yazıçılar və ictimai xadimlər fəal rol oynamalıdır. Məktəblərdə tədris olunan ana dili dərslərində təkcə qrammatika və imla deyil, həm də nitq mədəniyyəti, milli-əxlaqi dəyərlər də aşılanmalıdır. Dil sevgisi uşaqlıqdan başlanmalı, bu sevgi ailədə, məktəbdə və ictimai mühitdə sistemli şəkildə formalaşdırılmalıdır.
Hər bir vətəndaş gündəlik həyatında ana dilinə hörmətlə yanaşmalı, düzgün və səlis danışmağa çalışmalıdır. Qeyri-rəsmi ünsiyyətdə belə, dilin qaydalarına əməl olunması onun ümumi səviyyəsinin yüksəlməsinə xidmət edir. Xüsusilə gənc nəsil arasında dilə qarşı biganəlik, jarqon və təhrif edilmiş ifadələrin artması gələcək üçün təhlükə siqnalıdır. Bu tendensiyaya qarşı mübarizə həm maarifləndirici, həm də nümunəvi davranışla aparılmalıdır.
Azərbaycan dövləti dil siyasətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. 2001-ci ildən 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması da ana dilimizə verilən yüksək dəyərin göstəricisidir. Qanunvericilik səviyyəsində qəbul edilən dövlət proqramları, sərəncamlar və fərmanlar dilimizin inkişafını və müasir çağırışlara uyğunlaşdırılmasını təmin edir.
Nəticə etibarilə, Azərbaycan dili yalnız keçmişimizin yadigarı deyil, həm də gələcəyimizin təminatıdır. Onu qorumaq, təkmilləşdirmək və gələcək nəsillərə bütöv şəkildə çatdırmaq yalnız dövlətin deyil, həm də hər bir vətəndaşın borcudur. Unutmayaq ki, millətin diriliyi onun dilində yaşamaqdadır. Bu dili sevmək, bu dilə sahib çıxmaq – milli kimliyə sədaqətin ən ali nümunəsidir.
Gülnar Qurbanova
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın