Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi milli varlığımızın əsas dayaqlarından biridir. Milli Məclisin deputatı Pərvin Kərimzadənin də qeyd etdiyi kimi, ana dilimiz həm milli kimliyimizin, həm də milli birliyimizin gücləndirilməsində mühüm rol oynayır. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır.
1969-cu ildə respublikaya rəhbər təyin olunan Heydər Əliyev, cəmi bir neçə ay sonra Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edərək o dövrün sərt sovet rejiminə qarşı əsl cəsarət nümunəsi göstərmişdi. Bu hadisə ictimaiyyət tərəfindən milli ruhun oyanışı kimi qarşılanmışdı. Bu çıxış ana dilinin dövlət həyatında tətbiqinə dair mühüm dönüş nöqtəsi olmuşdu.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması siyasəti gücləndirilsə də, Ulu Öndər Heydər Əliyev bu məsələdə öz mövqeyini cəsarətlə müdafiə etdi. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddə daxil edildi. Bu, milli kimliyimizin hüquqi əsaslarla təsbit olunması demək idi.
Ümummilli Liderin bu addımı dilin yalnız gündəlik ünsiyyət vasitəsi deyil, həm də dövlət atributu kimi tanınmasına səbəb oldu. Onun ana dilinə verdiyi dəyər Azərbaycan cəmiyyətində dilin nüfuzunun yüksəlməsinə şərait yaratdı. Bu, həm də gələcək nəsillərə dilin qorunmasının və yaşadılmasının vacibliyini aşıladı.Ana dilinin saflığı, işləkliyi və zənginliyi üçün aparılan tədbirlər bu sahədə davamlı siyasətin təməlini qoydu. Ümummilli Liderin “Hər bir azərbaycanlı öz ana dilini bilməlidir” fikri bu gün də aktuallığını qoruyur.
Ümummilli Lider Heydər Əliyevin başlatdığı bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizə göstərilən dövlət qayğısı bu gün də milli inkişafımızın mühüm tərkib hissəsidir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın