2025-ci il iyulun 19–21-də keçirilmiş III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində artan rolunun bariz nümunəsi oldu. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr edilən bu forum, qlobal çağırışlara intellektual yanaşma baxımından mühüm platformaya çevrildi. Tədbirin Şuşada keçirilməsi, bu qədim şəhərin yalnız tarixi deyil, həm də siyasi və strateji əhəmiyyətini bir daha ön plana çıxardı.
Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndənin iştirakı, tədbirin beynəlxalq miqyasda maraq doğurduğunu göstərdi. Təmsil olunan 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu vasitəsilə bu forum dünya ictimaiyyətində geniş əks-səda doğurdu. Yerli jurnalist və ekspertlərlə yanaşı, dövlət rəsmilərinin də aktiv iştirakı tədbirin çoxşaxəli təhlillərlə zənginləşməsinə səbəb oldu.
Forum çərçivəsində iştirakçıların Ağdam və Laçına səfəri postmünaqişə dövründə görülən bərpa və yenidənqurma işlərinin canlı nümayişinə çevrildi. Bu, Qarabağda sülhün və inkişafın bərqərar edildiyini göstərən mühüm mesaj idi. İnformasiya texnologiyaları ilə bağlı müzakirələrin məhz bu məkanda keçirilməsi təsadüfi deyildi – Şuşa artıq regional və qlobal dialoqlar üçün nüfuzlu bir platformadır.Forumun əsas məqsədlərindən biri informasiya mühitində etibarlılığın və şəffaflığın təmin edilməsini beynəlxalq debat mövzusuna çevirmək idi. Çünki süni intellektin sürətlə inkişaf etdiyi dövrdə informasiya mənbələrinin dürüstlüyü və media etikası daha da böyük əhəmiyyət kəsb edir. Burada yalnız informasiyanın yayımı deyil, ictimai etimadın qorunması və dezinformasiyaya qarşı mübarizə əsas müzakirə mövzusu oldu.
Prezident İlham Əliyevin açılış çıxışı forumun fəlsəfi və strateji dəyərini daha da artırdı. Dövlət başçısı informasiya mühitində dürüstlük və şəffaflığın zəruriliyini vurğulayaraq qeyd etdi ki, bu prinsiplər Azərbaycanın beynəlxalq imicinin əsasını təşkil edir. Onun “Xalqıma həqiqəti demək mənim əsas prinsipimdir” fikri qlobal media məkanına ünvanlanmış güclü mesaj idi.Beləliklə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın media, informasiya və texnoloji sahələrdə artan nüfuzunu, eləcə də sülh quruculuğunda strateji rolunu bir daha nümayiş etdirdi. Şuşa artıq yalnız mədəniyyət deyil, həm də informasiya diplomatiyasının mərkəzi kimi formalaşır.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın