Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyuldu. Bu qəzet yalnız bir informasiya vasitəsi deyil, xalqın milli oyanışı, mənəvi dirçəlişi və milli məfkurəsinin formalaşmasında təməl rolunu oynayan ideoloji platforma oldu. Həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitində – ümmətçiliklə millətçiliyin sərhədlərinin yeni-yeni cızılmağa başladığı bir zamanda – bu qəzetin meydana gəlməsi təkcə mətbu hadisə deyil, həm də milli dirənişin başlanğıcı idi.
Həsən bəy Zərdabi maarifçiliyin gücünə inanan ziyalı kimi xalqın qaranlıqda boğulmaması üçün mətbuat vasitəsilə onu elmə, savada səslədi. Onun əsas məqsədi yalnız şəhər əhalisinin deyil, kənd camaatının da maariflənməsi, elmi biliklərə yiyələnməsi idi. Zərdabi, Axundzadə, Bakıxanov kimi ziyalıların ideyaları sayəsində milli şüurun əsasları qoyuldu və xalq ilk dəfə mətbuat vasitəsilə öz kimliyini dərk etməyə başladı.“Əkinçi” ilə başlanan bu yolda sonrakı mətbu orqanlar – “Kəşkül”, “Tərcüman”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat” kimi nəşrlər xalqı milli ideya ətrafında birləşdirməyə, türklük, islam və çağdaşlıq prinsipləri üzərində ictimai düşüncəni formalaşdırmağa çalışdılar. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Ağa Şahtaxtlı, Mirzə Ələkbər Sabir kimi aydınlar milli mətbuatı ideoloji mübarizə vasitəsinə çevirdilər və bu fəaliyyətin nəticəsi olaraq milli dövlətçilik ideyası xalq arasında kök salmağa başladı.
Sovet dövründə isə milli mətbuat ideoloji senzura və təzyiqlərlə üzləşdi. Xüsusilə 1937-ci ilin repressiyaları zamanı mətbuat təbliğat maşınına çevrilərək ziyalıları, milli düşüncə sahiblərini hədəf aldı. Bu da xalqla mətbuat arasında ciddi inamsızlıq yaratdı və milli düşüncə xəttində uzun müddətlik bir boşluq meydana gəldi. Ancaq bu çətinliklərə baxmayaraq, milli mətbuatın ruhu tamamilə sönmədi.
1970-ci illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər yenidən önə çəkildi. Ədəbiyyat, mədəniyyət, klassik irs və milli ideyaların təbliğinə geniş meydan verildi. Bu ideyalar sonradan müstəqil Azərbaycan dövlətinin qurulmasında, milli məfkurənin dirçəlməsində əsas ideoloji dayaqlardan biri oldu. Heydər Əliyev milli mətbuatın tarixdə oynadığı rolu yüksək dəyərləndirərək onun ideoloji funksiyasını bərpa etməyə müvəffəq oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli ideologiya və azərbaycançılıq xətti dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Onun rəhbərliyi dövründə də mətbuatın azadlığı Konstitusiya ilə təmin olunub, media savadlılığının artırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu proseslər milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli rol oynayır.Lakin müasir dövrdə bəzi media qurumlarının qeyri-dəqiq, sifarişli və etibarsız məlumat yayması ictimai etimadı sarsıdır. Ona görə də mətbuat yalnız informasiya ötürən vasitə deyil, milli şüuru formalaşdıran, ictimai fikrə yön verən güclü ideoloji tribunadır. Peşəkar, məsuliyyətli və milli məfkurəyə bağlı media orqanlarının cəmiyyətin sağlam inkişafı üçün əvəzolunmaz rolunu unutmamaq vacibdir.
22 iyul – Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də milli ideyanın, şüurun, kimliyin təntənəsi günüdür. Bu gün biz milli sözün, haqqın və dövlətçilik düşüncəsinin carçısı olmuş mətbuat xadimlərinin əziz xatirəsini ehtiramla anır, onların bizə miras qoyduğu mənəvi sərvəti qorumağı və inkişaf etdirməyi özümüzə borc bilirik.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın