Hər bir xalqın milli kimliyinin formalaşmasında, ictimai fikir tarixinin yazılmasında və cəmiyyətin maariflənməsində mətbuatın rolu əvəzolunmazdır. Azərbaycanın milli mətbuat tarixi 150 il əvvələ, 1875-ci ilin iyul ayına – Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrinə gedib çıxır. Bu tarixi hadisə təkcə mətbuatın yox, həm də maarifçiliyin, milli şüurun yüksəlişinin başlanğıcı oldu.

Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.” O, bu sahənin strateji əhəmiyyətini dərk edərək daim mətbuatın inkişafına xüsusi diqqət yetirmişdir. Ulu öndərin “mətbuat cəmiyyətin güzgüsüdür” yanaşması bu sahənin həm informasiya vasitəsi, həm də maarifləndirici rolunu vurğulayırdı.

Bu gün ölkəmizdə azad, çevik və operativ mətbuat mühiti formalaşıb. Prezident İlham Əliyev dəfələrlə jurnalistlərin fəaliyyətinə verdiyi dəstəklə, söz və məlumat azadlığına sadiqliyini nümayiş etdirib. Dövlət başçısının da vurğuladığı kimi, “jurnalistlər ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə iştirak etməklə Azərbaycanın media tarixində əlamətdar bir səhifə yazacaqlar”.

Azərbaycan mətbuatı bu gün qlobal informasiya məkanının fəal iştirakçısına çevrilmişdir. İnformasiya müharibəsi dövründə jurnalistlərin üzərinə düşən məsuliyyət daha da artmışdır. Həm informasiya təhlükəsizliyi baxımından, həm də cəmiyyətin düzgün məlumatlandırılması nöqteyi-nəzərindən mətbuat işçilərinin rolu əvəzsizdir.

Şuşada təşkil olunan tədbirlər bu gün Azərbaycan mətbuatının simvolik yüksəlişini əks etdirir. Qarabağın azadlığı ilə yanaşı, milli ruhun, milli mədəniyyətin və milli mətbuatın da yüksəlişi baş verir. Bu baxımdan, jurnalistlərin peşə bayramının məhz Şuşada qeyd olunması olduqca dərin rəmzi məna daşıyır.

Mətbuat işçilərinin cəmiyyətin inkişafında oynadığı rol, onların peşəkar fəaliyyəti və informasiya cəbhəsində apardıqları mübarizə daim yüksək dəyərləndirilməlidir. Çünki bu günün qəhrəmanları təkcə səngərdə olanlar deyil, eyni zamanda qələmlə həqiqəti yazan, informasiyanın işığında cəmiyyəti yönəldən mətbuat əsgərləridir.

Bu əlamətdar gün münasibətilə bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar, qələmlərinə iti söz, vicdanlarına sədaqət və cəmiyyətə faydalı olma arzusu ilə uzun ömür diləyirik.

Nizami Şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.