Azərbaycan milli mətbuatının bünövrəsi 150 il əvvəl, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulub. Bu qəzet həm ilk mətbu orqan, həm də milli ideyaların carçısı kimi tarixə düşüb. Həsən bəy Zərdabi həm naşir, həm redaktor, həm də korrektor kimi çalışaraq böyük maarifçilik missiyasını həyata keçirib.“Əkinçi” qəzetinin ətrafında dövrün qabaqcıl ziyalıları – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları birləşərək milli oyanışa təkan verdilər. Qəzetin məqsədi xalqın maariflənməsi, savadlanması və milli şüurun formalaşması idi.
Cəmi 56 sayı nəşr olunmasına baxmayaraq, “Əkinçi”nin təsiri böyük oldu. O, Azərbaycanda milli jurnalistikanın təməlini qoydu, ictimai fikir tarixində mühüm iz buraxdı. Lakin qəzetin ömrü uzun sürmədi – Çar Rusiyası maarifçi ideyalardan ehtiyat edərək onun fəaliyyətini dayandırdı.22 iyul tarixi Azərbaycan mətbuatının yaranma günü kimi 1991-ci ildən Milli Mətbuat Günü kimi qeyd olunur. Bu, ölkədə mətbuatın inkişafına, söz azadlığına verilən dəyərin simvoluna çevrilib.
150 illik tarixi yol keçən Azərbaycan mətbuatı müxtəlif dövrlərdə intibah və tənəzzül mərhələləri yaşasa da, həmişə cəmiyyətin aynası rolunu oynayıb. O, ictimai fikrin formalaşmasında, azad düşüncənin yayılmasında aparıcı qüvvəyə çevrilib.Bu gün Azərbaycan mətbuatı informasiya texnologiyalarının imkanlarından istifadə edərək yeni mərhələyə qədəm qoyub. Müasir jurnalistika rəqəmsal mühitə keçidlə qlobal informasiya məkanında öz sözünü deməyə davam edir.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın