İlkin olaraq insanların həyatda sağ qalmaq naminə “məlumat ötürmək” vərdişi şəklində meydana çıxmış sosial davranış uzun tarixi yol qət edərək bu gün cəmiyyətin güzgüsü, zamanın yaddaşı və ictimai təfəkkürün formalaşmasında mühüm rol oynayan “mətbuat” olaraq təşəkkül tapmışdır. “Xəbər çatdırmaq” funksiyasına zamanla ictimai-mədəni tərəqqiyə zəmin yaradan azad sözün təcəssümü, demokratiya və pluralizmin dayaq nöqtəsi və hesabatlılığın təminatçısı funksiyaları əlavə olunmuşdur.

İctimai şüuru oyatma və maarifləndirmə kimi tarixi missiyaya sahib mətbuatın Azərbaycan coğrafiyasında ilk addımları XIX əsrin sonlarına təsadüf edir. Belə ki, böyük maarifçi və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə 22 iyul 1875-ci ildə nəşrinə başlanılan “Əkinçi” qəzeti milli mətbuat tariximizin təməl daşı olmaqla xalqın ictimai-siyasi fikrinin formalaşmasına təkan vermişdir. Maarifçilik, kənd təsərrüfatı, sosial problemlər və mədəniyyət barədə Azərbaycan dilində, sadə xalqın anlayacağı üslubda məlumatlar paylaşan “Əkinçi” sonradan xalqımızın milli özünüdərk prosesini sürətləndirən “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin” və digər milli mətbu orqanları üçün mayak rolunu oynamışdır. 1877-ci ilin sentyabrına qədər 56 buraxılışı işıq üzü görmüş “Əkinçi” qəzeti qısamüddətli nəşr tarixinə baxmayaraq Azərbaycan xalqı üçün ictimai fikir platforması, xalqın səsi üçün tribuna rolunu oynamışdır.

Milli mətbuatın inkişafı, onun ictimai maarifləndirmə və milli birlik ruhunun formalaşmasına mühüm təsiri XX əsrin əvvəlində dünyəvi, parlamentli və hüquqi əsaslara söykənən, Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün ideya və ruh qaynaqlarından oldu. Qısamüddətli müstəqillik dövründə Azərbaycanda “İstiqlal”, “Açıq söz”, “Tərcüman” kimi nəşrlər “Əkinçi”nin varisi olaraq meydana çıxaraq siyasi debatların və tənqidi təhlillərin yer aldığı müstəqil fikir platformasına çevrildi. Sovet işğalı sonrası senzura və avtosenzura əsaslı, ideoloji nəzarətə tabe mətbuat formalaşdırılsa da, “Əkinçi” ilə başlayıb ideya varisi olan milli mətbu orqanlarının təsiri xalqın ictimai şüurunda sarsılmaz yer tutmaqla yenidən alovlanmağa münbit zəmin gözləyirdi. Sovet jurnalistikası “xalqı kommunist ruhda tərbiyə etmək” və “partiya ideyalarını təbliğ etmək” xətlərini əsas götürərək müstəqil fikir və siyasi tənqidə meydan verməsə də, 1960-1980-ci illərdə məcaz dili və satira ilə sosial problemlərə toxunulmağa, ədəbi-tənqidi mətnlər yazılmağa başlanıldı. 1980-ci illərin sonlarında SSRİ-də başlanan “yenidənqurma” və “aşkarlıq” siyasi xətti mətbuat üzərində sərt senzuranı müəyyən qədər yumşaltdı. Yaranmaqda olan yeni reallıqlar sağlam ictimai fikir tarixinə və ənənəsinə malik Azərbaycan üçün milli məsələlər, dil və mədəniyyətin qorunması, eləcə də Qarabağ mövzusu ətrafında yeni vüsət alan müzakirə və mübahisələr ətrafında xalqımızın mövqeyini ortaya qoyan yeni mətbu orqanların – qəzet və jurnalların meydana çıxmasına zəmin yaratdı. Milli mətbuatın mühüm təsiri ilə formalaşan ictimai hazırlıq və həmrəylik ruhu milli müstəqilliyimizin bərpasında hərəkətverici qüvvələrdən oldu.

Müstəqilliyin bərpası ölkədə yeni ictimai-siyasi mühitin formalaşması fonunda müstəqil qəzet və jurnalların nəşrini stimullaşdırdı. 6 avqust 1998-cı ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə senzuranın ləğvi milli mətbuat tariximizdə dönüş nöqtəsi olmaqla fikir plüralizmi üçün geniş meydan açdı.

“Jurnalistlərin dostu” Heydər Əliyevin azad mətbuata verdiyi xüsusi diqqət Prezident İlham Əliyevin də müəyyənləşdirdiyi siyasi xəttinin fundamentlərindən birini təşkil etməkdədir. Cənab Prezidentin tapşırıq və tövsiyələri əsasında mətbuatın strukturlaşdırılması və hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq standartlara uyğun informasiya cəmiyyətinə keçidin dayanıqlılığının əsas təminatçısı oldu. Rəqəmsal mediaya keçidin dəstəklənməsi nəticəsində ənənəvi çap mediasına güclü alternativ olaraq meydana çıxan onlayn xəbər portalları və sosial media platformaları sağlam mövqe qazanmaqdadır. Həmçinin Azərbaycan Respublikasının Media Agentliyinin (MEDİA) yaranması və “Media haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu medianın iqtisadi dayanıqlılığını artırmaq, jurnalistikanı peşəkarlaşdırmaq və rəqəmsal transformasiyanı dəstəkləmək üçün atılan mühüm addımlar olaraq qeyd edilə bilər. Jurnalistlərin və KİV-lərin vahid reyestrinin aparılması, jurnalistlərin təkmilləşdirilməsi və media savadlılığının artırılması proqram və layihələrinin icrası milli mətbuatın yeni reallıqlara və müasir çağırışlara adekvat reaksiya verməsi üçün olduqca vacib nüanslardır.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı haqq savaşımızda milli həmrəylik ruhunun daha da gücləndirilməsi, qərəzli və qeyri-obyektiv məlumatlara, dezinformasiyalara qarşı mübarizə, eləcə də təhsil, səhiyyə və digər sosial məsələlərdə ictimai nəzarət sahələrində əsas alətlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində azad milli mətbuatı güclü vətəndaş cəmiyyəti və güclü Azərbaycanın təməl daşlarından biri olaraq xarakterizə etməyə əsas verir. Əlavə olaraq, 50 ölkə, 125 media subyekti və təşkilatı, 250-dən çox iştirakçını əhatə edən və bu il 3-cü dəfə ev sahibliyi edəcəyimiz Şuşa Qlobal Media Forumunun təşkili isə ölkəmizin media sahəsində beynəlxalq nüfuzunun əsas göstəricilərindəndir.

YAP Şuşa rayon təşkilatının 44 saylı ərazi partiya təşkilatının sədri :

Ülvi Həsənzadə


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.