Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi yoluna qədəm qoydu. Təbii ki, ölkə mətbuatı da bu inkişafdan kənarda qalmadı. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, Azərbaycanın ilk yazılı mətbu orqanı olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il Azərbaycan milli mətbuatı 150 yaşını qeyd edir.
Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.Tarixi Zəfərimiz əlaqələrdə yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Daim dünyaya dostluğun, qardaşlığın və müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi mətbuat sahəsində də özünün aydın ifadəsini tapdı.
Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri mətbuat sahəsində də strateji əməkdaşlıq şəklində özünü göstərir. 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu bu baxımdan mühüm əhəmiyyət kəsb edir.Bu sənəd 2021-ci il fevralın 1-də Azərbaycan Milli Məclisi tərəfindən təsdiqləndi və bununla da iki ölkə mediası arasında əməkdaşlığın institusional əsasları gücləndirildi. Memoranduma əsasən Ortaq Media Platformasının yaradılması nəzərdə tutulur ki, bu da bilik, təcrübə və mənbə paylaşımına şərait yaradır.
Media sahəsindəki bu əməkdaşlıq həm də beynəlxalq informasiya savaşlarında güclü tandem rolunu oynayır. Qarabağla bağlı informasiyanın düzgün yayımı, erməni təbliğatının qarşısının alınması və haqq səsimizin dünyaya çatdırılması məhz bu əməkdaşlıqla daha da gücləndi.Azərbaycan-Türkiyə media əməkdaşlığı gələcəkdə daha geniş miqyasda regional media layihələrinin həyata keçirilməsinə zəmin yaradır. Bu, eyni zamanda, iki qardaş ölkənin mədəni və ideoloji inteqrasiyasının mühüm sütunlarından birinə çevrilib.Beləliklə, media sahəsində qurulan bu strateji əlaqələr yalnız informasiya paylaşımı deyil, həm də ümumi dəyərlərin təbliği və qorunmasında ortaq mübarizə meydanıdır.
Gülnar Qurbanova
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın