Azərbaycan milli mətbuatının tarixi, sadəcə informasiya vasitələrinin inkişaf tarixi deyil, həm də xalqımızın azadlıq, müstəqillik və milli özünüdərk uğrunda apardığı mübarizənin canlı salnaməsidir. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız, xalqı maarifləndirmək, milli kimliyi formalaşdırmaq və azadlıq düşüncəsini yaymaq missiyasını öz üzərinə götürmüşdür.
Zaman keçdikcə Azərbaycan mətbuatı ictimai şüurun oyanmasında, milli ideyaların təşviqində və xalqın siyasi fəallığının artmasında aparıcı rola malik olub. Xüsusilə XX əsrdə baş verən mühüm siyasi hadisələr – Cümhuriyyətin elan olunması, sovet dönəmində mətbuatın susdurulması və nəhayət, 1990-cı illərdə müstəqilliyin bərpası ilə bağlı hadisələr – mətbuatımızda öz əksini tapmış, xalqın səsi, tribunasına çevrilmişdir.
Müstəqillik illərində isə milli mətbuat daha da inkişaf etmiş, informasiya texnologiyalarının genişlənməsi ilə beynəlxalq mediaya inteqrasiya olunmuş, milli maraqları qoruyan və dövlətçiliyin təbliğinə xidmət edən bir gücə çevrilmişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, mətbuat milli maraqların müdafiəsində, cəmiyyətin düzgün məlumatlandırılmasında, operativ və obyektiv informasiya yayımında əvəzsiz rol oynayır.
Bu baxımdan, milli mətbuatımızın inkişaf mərhələləri – “Əkinçi”dən başlayaraq bu günədək uzanan yol – həm də xalqımızın keçdiyi çətin və şərəfli tarixin aynasıdır. Mətbuatımız yalnız tariximizi deyil, həm də gələcəyimizi yazır.
Nigar Mirkamal
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın