Müasir dövrdə informasiya sürətlə yayılır və media qlobal miqyasda insanların fikir formalaşdırmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan mətbuatı da dünya informasiya məkanında özünəməxsus yer tutur. İnformasiya texnologiyalarının inkişafı ilə ölkəmizin media orqanları regional çərçivəni aşaraq beynəlxalq informasiya şəbəkəsinə inteqrasiya olunub.
Azərbaycan mətbuatı artıq təkcə ölkə daxilində deyil, xarici auditoriyaya da xəbər və məlumatlar təqdim edir. Rəsmi informasiya agentlikləri, xəbər portalları və onlayn media vasitələri beynəlxalq dillərdə yayımlanaraq Azərbaycanın səsini dünyaya çatdırır. Xüsusilə, siyasi, iqtisadi və mədəni sahələrdə baş verən hadisələr, regional əməkdaşlıqlar və beynəlxalq münasibətlərə dair mövqelər geniş şəkildə işıqlandırılır.
Eyni zamanda Azərbaycan mətbuatı xarici informasiya mənbələri ilə əlaqələrini genişləndirərək, qlobal media platformalarında aktiv mövqe tutur. Beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlıq, xarici medianın ölkədə fəaliyyət göstərməsi və beynəlxalq media forumlarında iştirak bu inteqrasiyanın göstəricisidir.
Nəticə etibarilə, Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin ayrılmaz bir parçası kimi fəaliyyət göstərərək həm milli maraqları qoruyur, həm də beynəlxalq ictimaiyyətə doğru, obyektiv məlumatlar təqdim edir. Bu isə ölkənin informasiya təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun dünyadakı nüfuzunun artmasına da töhfə verir.
Validə Məmmədova
YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın