Azərbaycanın 2020-ci ilin payızında qazandığı möhtəşəm Qələbə – 44 günlük Vətən müharibəsi ölkəmizin hərtərəfli birliyinin simvoluna çevrildi. Bu Zəfərdə təkcə hərbçilər deyil, media nümayəndələri də öz sözünü dedi. Onlar döyüş bölgələrində informasiya cəbhəsində mübarizə apararaq həm vətənpərvərlik, həm də peşəkarlıq nümunəsi göstərdilər.
Müharibə günlərində jurnalistlər ən təhlükəli məkanlarda informasiya toplamaq, dünya ictimaiyyətini düzgün məlumatlandırmaq və Azərbaycan həqiqətlərini yaymaq üçün ön cəbhədə fəaliyyət göstərdi. Bəziləri silah daşıyan əsgərlərlə bir sırada addımlayaraq səfərbərlik çərçivəsində döyüş əməliyyatlarına cəlb olundu.Bu dövrdə mediamız həm daxili, həm də xarici auditoriya üçün strateji informasiya mənbəyinə çevrildi. Dəqiq, operativ və obyektiv xəbərlərlə cəbhə bölgələrindən verilən məlumatlar informasiya müharibəsində üstünlüyümüzü təmin etdi. Azərbaycan jurnalistlərinin qətiyyəti və fədakarlığı beynəlxalq səviyyədə də yüksək qiymətləndirildi.
Prezident İlham Əliyevin fərman və sərəncamları ilə bu dövrdə fəaliyyət göstərmiş bir çox media nümayəndəsi orden və medallarla təltif olundu. Bu, dövlətin jurnalist əməyinə verdiyi yüksək dəyərin göstəricisidir.44 günlük müharibədə jurnalistlərin fəaliyyəti media tariximizdə xüsusi mərhələ kimi yadda qalacaq. Bu həm də gələcək nəsil jurnalistlər üçün bir vətənpərvərlik məktəbidir.
Azərbaycan mediası müharibədə göstərdiyi fəaliyyətlə sübut etdi ki, informasiya cəbhəsi də önəmli döyüş meydanıdır. Bu təcrübə gələcəkdə də informasiya təhlükəsizliyimizin qorunması baxımından əvəzsizdir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın