Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizdə bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verilir. İran, Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan və digər ECO üzv ölkələrinin liderlərinin və hökumət üzvlərinin Xankəndidə bir araya gəlməsi regionda yeni dövrün başlandığını göstərir. Bu hadisə post-münaqişə dövründə Azərbaycanın suverenliyinin tam bərqərar edilməsi və regional əməkdaşlığın dərinləşməsi baxımından simvolik və strateji əhəmiyyət daşıyır. İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir. Prezident İlham Əliyev adıçəkilən təşkilatın 17-ci Zirvə görüşündəki çıxışında da sözügedən qurumla iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə ediləcək məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq. Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və İƏT-ə üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.

Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir” söyləyərək budəfəki Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirdi. Vurğuladı ki, işğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir.

ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Cənubi və Mərkəzi Asiyadan Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Xankəndi sammiti yalnız İƏT-in illik forumu deyil. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə irəli sürdüyü yeni strategiyanın canlı nümunəsidir. Bu strategiyanın əsas xəttini sülh vasitəsilə inkişaf, infrastrukturla diplomatiya və dayanıqlı gələcəklə kimlik quruculuğu təşkil edir.

Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir. Bu sammit sübut edir ki, Azərbaycan artıq yalnız münaqişə sonrası bərpa edən ölkə deyil, həm də əməkdaşlıq qurucu, liderlik daşıyıcısı və diplomatik balans yaradan gücdür.

YAP Şuşa rayon təşkilatının 2 nömrəli ərazi partiya təşkilatının sədri:

Hidayət Səmədov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.