2025-ci il iyulun 3–4-də Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü yalnız Azərbaycanın deyil, bütün regionun tarixində mühüm dönüş nöqtəsidir. 30 ilə yaxın düşmən tapdağında olan bu torpaqların artıq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın siyasi, hərbi və diplomatik gücünün nəticəsidir. Prezident İlham Əliyevin “Xankəndiyə xoş gəlmisiniz!” müraciəti təkcə rəsmi salamlama deyil, həm də böyük Qayıdışın və zəfərin simvolu oldu.Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin ev sahibliyi etdiyi tədbirlər, Xankəndinin diplomatik məkana çevrilməsinin parlaq nümunəsinə çevrildi. Burada keçirilən rəsmi açılışlar, təməlqoyma mərasimləri, biznes görüşlər və dövlət başçılarının çıxışları Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi. Bu, eyni zamanda, dünya ictimaiyyətinə bir mesaj idi – Qarabağ bərpa olunur və gələcəyin siyasi-iqtisadi mərkəzlərindən birinə çevrilir.

Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycanın artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi etdiyini xatırladaraq, budəfəki tədbirin Qarabağda – Xankəndidə keçirilməsinin xüsusi rəmzi mənası olduğunu vurğuladı. 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş Zirvə görüşlərindən fərqli olaraq, bu dəfəki tədbir azadlıq mübarizəsinin qələbə ilə nəticələndiyi məkanda təşkil olunmuşdu.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin müxtəlif infrastruktur layihələrinin açılışında və təməlqoyma mərasimlərində iştirakı, Qarabağın inkişafına verilən yüksək dövlət diqqətini bir daha sübut etdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli, Zəfər parkında görülən işlərlə tanışlıq, həmçinin Xankəndi Konqres Mərkəzinin və Biznes Mərkəzinin istifadəyə verilməsi mühüm hadisələr kimi tarixə yazıldı.

Zirvə görüşündə Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının nümayiş etdirilməsi isə tədbirin siyasi çəkisini daha da artırdı. Bu üç ölkənin liderləri son illərdə regional təhlükəsizlik, nəqliyyat, enerji və bərpa sahələrində ortaq maraqlar əsasında əməkdaşlıq qurublar. Laçında keçirilmiş üçtərəfli görüşün ardından Xankəndidə reallaşan bu növbəti beynəlxalq tədbir strateji tərəfdaşlığın güclənməsinə xidmət etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etməsi, bu bölgənin potensialına olan inamın ifadəsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə iqtisadi tərəfdaşlığın strateji əhəmiyyətini vurğuladı və “Strateji məqsədlər 2035” konsepsiyasının qəbulunu zəruri saydı. Bu çıxışlar Azərbaycanın regionda təşəbbüskar və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərdi.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz hazırda 12 ölkəyə təbii qaz ixrac edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələr təkcə Azərbaycanın deyil, bütün ECO regionunun enerji təhlükəsizliyinə xidmət edir. Bu faktlar Azərbaycanın strateji əhəmiyyətini bir daha ortaya qoyur.

Xankəndidə keçirilmiş Zirvə görüşü sübut etdi ki, Azərbaycan təkcə ərazilərini deyil, həm də beynəlxalq nüfuzunu bərpa edib. Qarabağın dirçəlişi fonunda keçirilən bu mötəbər tədbir, azad edilmiş torpaqların yeni həyatla qaynayıb-qarışdığını və regionun gələcəyinə ümid verdiyini göstərdi.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.