İyulun 3-4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın beynəlxalq siyasətdəki artan nüfuzunun təzahürü olmaqla yanaşı, Qarabağın geosiyasi statusunun dəyişməsini simvolizə etdi. Bu tədbir azad Qarabağımızın regional əməkdaşlıq platforması kimi yüksəldiyini və yeni dövrün siyasi konturlarını müəyyən etdiyini göstərdi.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında “Qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” sözləri ilə həm tarixi həqiqətləri xatırlatdı, həm də Azərbaycanın milli suverenliyinin təmin edildiyi ərazilərin artıq qlobal tədbirlər üçün ideal məkan olduğunu vurğuladı. Bu ifadə 30 illik işğal dövründə “Azərbaycan Bayrağı bir gün Xankəndidə, Şuşada dalğalanacaq” ümidini reallığa çevirmiş oldu.Prezident çıxışında bildirdi ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. İlk iki görüş 2006 və 2012-ci illərdə Bakıda təşkil edilmişdi. Bu dəfə isə tədbirin məhz Xankəndidə keçirilməsi strateji və mənəvi baxımdan son dərəcə əlamətdardır. Bu, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq müstəvidə qəbul olunduğunun bariz nümunəsidir.Zirvə görüşü ərəfəsində Prezident İlham Əliyev bir sıra mühüm obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi. Xankəndi Konqres Mərkəzinin açılışı bu tədbirə xüsusi məna verdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsi, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli, Zəfər parkında tikinti işləri ilə tanışlıq, Xankəndi-Şuşa kanat yolu layihəsi regionun müasir infrastrukturla təmin olunmasının sübutudur.

Azərbaycan Prezidenti həmçinin “Businesstex JV” adlı Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu. Bu məqam təkcə Qarabağın iqtisadi inkişafı deyil, həm də regional əməkdaşlıq nümunəsinin uğurla həyata keçirildiyini göstərdi. Belə layihələr bərpa və inkişaf prosesində qardaş dövlətlərin Azərbaycanın yanında olduğunu nümayiş etdirir.

Zirvə görüşü zamanı Prezident İlham Əliyev Azərbaycanın enerji və nəqliyyat sahəsində tutduğu mövqeləri diqqətə çatdırdı. Bildirdi ki, ölkə 12 ölkəyə təbii qaz ixrac edir, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Bu, Azərbaycanın ECO çərçivəsində inteqrasiyanın aparıcı gücünə çevrildiyini sübut edir. Eyni zamanda vurğulandı ki, ölkədə 350 milyard dollar sərmayə yatırılıb ki, bunun yarısı xarici sərmayədir.Zirvə görüşündə iştirak edən liderlər də Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunu etiraf etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndinin Cənubi Qafqazda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini bəyan etdi. Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı elan edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə iqtisadi əməkdaşlıq olmadan inkişafın mümkün olmadığını bildirərək, “Strateji məqsədlər 2035” sənədinin qəbulunun əhəmiyyətini vurğuladı.

Xankəndidə baş tutan bu möhtəşəm tədbir Azərbaycanın beynəlxalq əlaqələrdə təşəbbüskar və etibarlı tərəfdaş olduğunu bir daha göstərdi. Bərpa olunmuş torpaqlarda keçirilən belə yüksək səviyyəli tədbirlər yalnız siyasi deyil, həm də mənəvi baxımdan ölkənin gücünü nümayiş etdirir. ECO Zirvə görüşü Qarabağın qlobal arenada yeni kimliyini və gələcək inkişaf modelini dünyaya tanıtdı.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 nömrəli ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.