2025-ci il iyulun 3-4-də Qarabağın ürəyi Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın müstəqil və güclü dövlət kimi artan nüfuzunu bir daha nümayiş etdirdi. Bu mühüm beynəlxalq tədbirin azad edilmiş ərazilərimizdə təşkil olunması regionun siyasi xəritəsində yeni bir səhifə açdı. Prezident İlham Əliyevin tədbirin açılışındakı çıxışı isə milli birlik, qürur və suverenlik ideyalarının qlobal səviyyədə təcəssümünə çevrildi.

Dövlət başçısının “Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” sözləri həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb etdi. Bu müraciət uzun illər işğal altında olan torpaqlarda dövlət rəmzlərimizin yenidən yüksəldiyini, Azərbaycanın tam suverenliyini təmin etdiyini və Qarabağın artıq təhlükəsiz, sabit, inkişaf edən məkan kimi qəbul olunduğunu göstərdi. Ən əsası, bu çağırış hər bir azərbaycanlının qəlbində böyük qürur və sevinc hissi yaratdı.

Zirvə görüşü zamanı Prezident İlham Əliyev Azərbaycanın üçüncü dəfə ECO Zirvə görüşünə ev sahibliyi etdiyini vurğuladı. Əvvəlki görüşlər 2006 və 2012-ci illərdə Bakıda keçirilmişdi. Bu dəfə isə tədbirin Xankəndidə baş tutması böyük əhəmiyyətə malik idi. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını simvolizə edir, həm də azad edilmiş torpaqlarda inamla həyata keçirilən bərpa-quruculuq işlərinin nəticəsi kimi tarixə düşür.

Xankəndidə keçirilən Zirvə görüşü təkcə siyasi yox, həm də iqtisadi və sosial baxımdan mühüm mesajlar verdi. Prezident İlham Əliyev çıxışında ölkədəki sərmayə iqlimindən bəhs edərək, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollarlıq sərmayə yatırıldığını qeyd etdi. Bunun yarısı xarici sərmayələrdir ki, bu da ölkəmizə olan beynəlxalq inamın bariz göstəricisidir. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyinin təminində aparıcı aktora çevrilib.Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etdi. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsi, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli, Xankəndi Konqres və Biznes mərkəzlərinin açılışı, Zəfər parkında görülən işlər və kanat yolu üçün seçilən ərazi ilə tanışlıq Qarabağın genişmiqyaslı inkişafına sübutdur. Bu layihələr azad ərazilərin turizm, biznes və nəqliyyat baxımından böyük potensiala sahib olduğunu ortaya qoyur.

Eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq kontekstində keçirilən görüşlər diqqət çəkdi. Laçında keçirilmiş üçtərəfli Zirvə görüşünün davamı kimi, Xankəndidə baş tutan tədbirdə də bu qardaşlığın siyasi-iqtisadi dayaqları bir daha möhkəmləndirildi. Bu, Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal və etibarlı tərəfdaş rolunu bir daha təsdiqlədi.Zirvə görüşündə iştirak edən ölkələrin liderləri də Azərbaycanın inkişafına və Qarabağın gələcəyinə olan inamlarını ifadə etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Şuşanın ECO-nun 2026-cı il üçün turizm paytaxtı seçilməsi” münasibətilə etdiyi təbriklər, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iqtisadi əməkdaşlığın strateji əhəmiyyətinə toxunması, bu regionda sülh, inkişaf və tərəqqiyə olan dəstəyi nümayiş etdirdi.

Nəticə etibarilə, Xankəndidə keçirilən ECO Zirvə görüşü Azərbaycanın regional və beynəlxalq münasibətlər sistemində artan rolunu, diplomatik fəallığını və strateji mövqeyini bir daha ortaya qoydu. Bu tarixi tədbir həm Qarabağın, həm də Azərbaycanın gələcəyinə işıq saldı – həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan.

Nazilə İbrahimova

YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.