2025-ci il iyulun 3-4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə region üçün deyil, ümumilikdə Türk və İslam dünyası üçün strateji əhəmiyyət kəsb edən hadisə oldu. Bu Zirvə təkcə siyasi tədbir deyil, həm də azad edilmiş Qarabağın dünyaya təqdimatı, Azərbaycanın diplomatik uğurlarının real göstəricisi idi.
Prezident İlham Əliyevin tədbirin açılışında “Xoş gəlmisiniz qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə!” ifadəsi bütün azərbaycanlıların qürur hissini oyatdı. Bir vaxtlar işğal altında olan bu torpaqlarda bu gün müttəfiq dövlətlərin bayraqları ilə birlikdə Azərbaycan Bayrağının da dalğalanması dövlətçilik tariximizdə yeni mərhələnin təzahürüdür.Zirvə görüşündə Azərbaycanın ECO çərçivəsində təşəbbüskar və güclü tərəfdaş kimi rolu bir daha təsdiqləndi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2006 və 2012-ci illərdə Bakıda keçirilən Zirvə görüşlərinə ev sahibliyi etdiyini xatırladaraq, bu dəfə görüşün Qarabağın mərkəzində təşkil olunmasının xüsusi siyasi və mənəvi anlam daşıdığını vurğuladı.
Eyni zamanda, bu görüş zamanı dövlət başçısı bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etdi. Xankəndi Konqres Mərkəzinin açılışı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun istifadəyə verilməsi, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli və digər obyektlər Qarabağın inkişafı üçün atılan ardıcıl və sistemli addımları göstərdi.Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birgə müəssisə olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə də tanış oldular. Bu fakt bir daha sübut edir ki, azad Qarabağ artıq beynəlxalq iqtisadi münasibətlərin fəal iştirakçısına çevrilməkdədir. Regional və ikitərəfli əməkdaşlıqlar Qarabağ torpağında real iqtisadi formata düşür.
Zirvə görüşündə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndinin Cənubi Qafqazda yeni sülh mərkəzi kimi rolunu vurğuladı. O, həmçinin Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı elan olunmasını böyük nailiyyət kimi dəyərləndirərək, Azərbaycan Prezidentini və xalqını təbrik etdi. Özbəkistan Prezidenti isə “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanın qəbulunun vacibliyini qeyd etdi.Azərbaycanın ECO çərçivəsində enerji və nəqliyyat sahəsindəki rolu da Zirvə görüşündə əsas mövzulardan biri oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri, Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi bölgənin iqtisadi arteriyasına çevirib. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təminatçısıdır.
Xankəndi Zirvə görüşü Azərbaycanın qlobal arenada nüfuzunu daha da möhkəmləndirdi. Bu tədbir həm də regionda əməkdaşlıq, qarşılıqlı anlaşma və birgə inkişaf modelinin təntənəsi kimi dəyərləndirilməlidir. Azad Qarabağın səsi artıq dünyaya beynəlxalq tədbirlər vasitəsilə çatdırılır və bu proses davamlı xarakter daşıyır.
YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri:
İsmayılova Qönçə


Bir şərh yazın