2025-ci il iyulun 3-4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın siyasi, iqtisadi və diplomatik potensialını nümayiş etdirən mühüm hadisəyə çevrildi. Qarabağın ürəyi sayılan Xankəndidə belə mötəbər tədbirin baş tutması, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının rəmzidir.Prezident İlham Əliyev tədbirin açılışındakı çıxışında bu fikirlə hər bir azərbaycanlının qəlbində dərin qürur hissi yaratdı: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” Bu sözlər təkcə diplomatik dəvət deyildi, həm də Qarabağın siyasi statusunu dünyaya elan edən bəyanat idi.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki tədbirlər Bakıda (2006 və 2012) baş tutmuşdusa, bu dəfəki görüşün Xankəndidə keçirilməsi xüsusi mənaya malikdir. Bu, təkcə coğrafi məkan dəyişikliyi deyil, həm də tarixin axarını dəyişdirən milli iradənin və qələbənin təntənəsidir.Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etdi. Bunlar arasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması, eləcə də Xankəndi Konqres Mərkəzinin və Biznes Mərkəzinin istifadəyə verilməsi xüsusi diqqət çəkir. Bu obyektlər Qarabağın postmünaqişə dövründə dinamik inkişaf etdiyini təsdiqləyir.
Zirvə görüşü Azərbaycanın beynəlxalq enerji və nəqliyyat mərkəzinə çevrilməsi mövzusunu da gündəmə gətirdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, ölkə bu gün 12 dövlətə təbii qaz ixrac edir, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas iştirakçısıdır. Azərbaycanın geostrateji mövqeyi, sabit investisiya mühiti və dayanıqlı iqtisadiyyatı regionda aparıcı statusunu möhkəmləndirir.
Zirvə görüşündə iştirak edən dövlət başçıları da Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndinin yeni sülh və inkişaf mərkəzinə çevrildiyini bildirdi. Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı elan edilməsi münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə regional əməkdaşlığın strateji əsaslar üzərində qurulmasının vacibliyini vurğuladı.
Qeyd olunmalıdır ki, son iki il ərzində azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Qarabağın tam inteqrasiyasını təmin edir. “Böyük Qayıdış” proqramı çərçivəsində 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Hazırda 50 mindən çox insan bu ərazilərdə yaşayır və fəaliyyət göstərir. Bu, Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin real nəticəsidir.
Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın beynəlxalq təşkilatlarda təşəbbüskar mövqeyə, regional əməkdaşlıqda isə aparıcı rola malik olduğunu bir daha nümayiş etdirdi. ECO platforması üzərindən verilən mesajlar Azərbaycanın sülh, inkişaf və tərəqqi strategiyasının güclü dayaqlara söykəndiyini bir daha sübuta yetirdi.
Rəsmiyyə Məmmədova
YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın