Qarşıya qoyduğu strateji hədəflərə ardıcıl şəkildə nail olaraq, bu gün regionun əsas aparıcı aktorlarından birinə çevrilən Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulan Azərbaycan ilə Özbəkistan münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında Özbəkistan və Azərbaycanın artıq iki ildir ki, rəsmi müttəfiq olduqlarını və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdikləri konkret plan və layihələrlə nümayiş etdirdiklərini vurğulayıb. Şavkat Mirziyoyevi öz adından və bütün Azərbaycan xalqı adından futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik edən dövlətimizin başçısı bu uğurun təsadüfi olmadığını, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamı olduğunu, rəhbərliyin və Prezidentin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsi olduğunu qeyd edib. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına və iqtisadi potensialının güclənməsinə şad olduğumuzu bildirən prezident İlham Əliyev bütün bunların Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsi olduğunu qeyd edib.
Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondunun artıq praktiki olaraq layihələrlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı düşünülmüş islahatlar nəticəsində hər iki ölkədə çox yaxşı investisiya mühiti yaradıldığını və hər iki ölkənin şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verdiyini vurğulayıb.
Mətbuata bəyanatında Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana xüsusi minnətdarlığını ifadə edərək bildirib ki, “Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.” Cənab prezident erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihənin isə Xankəndi şəhərindəki tikiş fabriki olduğunu qeyd edərək bunu çox yüksək qiymətləndirib.
Şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının tikmək qərarına görə Şavkat Miromonoviçə minnətdarlığını bildirən prezident İlham Əliyev Bakının ən gözəl yerində Özbəkistan parkının açılacağını diqqətə çatdırıb.
Bəli, şübhəsiz ki, Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan” parkı iki ölkə arasında qardaşlıq münasibətlərinin, mədəni-humanitar əlaqələrin bariz təzahürüdür. Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək.
Səbinə Gözəlova
YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın