2025-ci ilin 3–4 iyul tarixlərində Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun bariz nümunəsidir. Qarabağın azad edilməsindən sonra ilk dəfə olaraq bu səviyyədə beynəlxalq tədbirin Xankəndidə keçirilməsi mühüm geosiyasi və diplomatik əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qonaqları Qarabağ torpağında salamlaması, Azərbaycanın qələbəsini bütün dünyaya bir daha nümayiş etdirdi.
30 il işğal altında olan bu torpaqların bu gün sülh, inkişaf və diplomatiyanın mərkəzinə çevrilməsi, dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanın bu təşkilata üçüncü dəfə ev sahibliyi etməsi ölkəmizin regional əməkdaşlıqda fəallığını göstərir. Bu dəfə görüşün Qarabağda baş tutması isə simvolik olduğu qədər, strateji əhəmiyyət daşıyır.
Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin bir çox ölkə liderləri ilə keçirdiyi görüşlər, regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında keçirilən son görüşlər, ECO çərçivəsində qarşılıqlı anlaşma və birliyin gücləndiyini nümayiş etdirdi.Tədbirdə çıxış edən dövlət başçıları Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndini Qafqazın sülh və inkişaf mərkəzi kimi xarakterizə etdi və Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bu, Azərbaycanın təkcə enerji və nəqliyyat sahələrində deyil, həm də turizm və mədəniyyət sahəsində güclənən mövqeyini göstərdi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də çıxışında iqtisadi əməkdaşlığın sülh və inkişaf üçün əsas olduğunu vurğuladı.
Zirvə görüşünün iqlim dəyişikliyinə həsr olunması da əlamətdar idi. Bu qərar Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbiri ilə uzlaşaraq, ölkəmizin qlobal ətraf mühit gündəliyinə verdiyi töhfənin davamı kimi qiymətləndirildi. Bu da bir daha göstərdi ki, Azərbaycan qlobal problemlərin həllində fəal rol oynayır.
Azərbaycanın ECO çərçivəsində enerji, nəqliyyat və investisiya sahəsində təşəbbüsləri xüsusi qeyd olundu. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr, eləcə də ölkənin tranzit potensialı regional əməkdaşlığa ciddi töhfə verir. Prezident İlham Əliyev bildirdi ki, 350 milyard dollara yaxın sərmayənin yarısı xarici kapitaldır və bu, ölkədə müsbət investisiya iqliminin göstəricisidir.
Xankəndidə keçirilmiş ECO Zirvə görüşü Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, Qarabağın beynəlxalq arenaya tam inteqrasiyası prosesini daha da sürətləndirdi. Bu görüş, eyni zamanda, regionun gələcəyi üçün sabitlik və inkişafın mümkünlüyünü nümayiş etdirdi.
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri : Könül Hüseynova


Bir şərh yazın